İran və İraq Səudiyyə Ərəbistanının neft bazarını sabitləşdirmək məqsədi ilə neft ixracını azaltmasından istifadə edərək öz ixraclarını artırıb.
“Bloomberg” agentliyinə istinadən, adıçəkilən iki ölkə Səudiyyə Ərəbistanının Çin və ABŞ-da azalan bazar payını ələ alıb.
İraqın neft ixracı sentyabr ayında 3,98 mln. barel/günə yüksələrək son 10 ayın maksimum həddinə çatıb. İranın ixracı isə 2,28 mln. barel/günə – 7 aylıq maksimuma yüksəlib. Səudiyyə Ərəbistanının ixracı isə 7,7 mln. barel/gün ilə müqayisədə 6,68 mln. barel/gün təşkil edib.
İyul ayında Səudiyyə Ərəbistanının ABŞ-a neft ixracı son 34 ilin mimimum səviyyəsinə geriləyib. Əvəzində, İraq ABŞ-a neft ixracını sentyabrda 871 min barel/günə çatdıraraq Səudiyyə Ərəbistanının bu ölkəyə ixrac həcmini ötüb. Avqustda isə onların ABŞ-a ixracı Səudiyyə Ərəbitanından 2 dəfə çox olub. İraqın Hindistana neft ixracı isə 2017-ci ildə orta hesabla 794 min barel/gün təşkil edib. Belə ki, Səudiyyə Ərəbistanında analoji göstərici 738 min barel/gündür.
İran isə Çin bazarında Səudiyyə Ərəbistanını sıxışdırmağa davam edib. Sentyabrda Səudiyyə Ərəbistanı Çinə 833 min barel/gün, İran isə 600 min barel/gün neft ixrac edib və sanksiyalardan sonra ixracı 2 dəfə artırıb.
Qeyd edək ki, neft bazarının sabitliyinin təmin olunması üçün Səudiyyə Ərəbistanı noyabr ayından etibarən ixrac həcmini 560 min barel azaldaraq 7,15 mln. barel/günə salmaq qərarı verib.