İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın ölkəsinin birinci kanalına müsahibəsində Azərbaycanla bağlı səsləndirdiyi tezislər Tehranın keçmişdəki qeyri-adekvat hərəkətlərinin və işğalçıya dəstək verməsinin ümumi bəyanıdır.
Hərçənd cənab nazir başqa epitet və fikirlərlə məsələnin əsl mahiyyətinin üstünü örtməyə çalışır, lakin onun açıqlamasını bir neçə detalla tutuşduranda başqa məqamlar ortaya çıxır.
Ümumiyyətlə, Azərbaycanın Gorus-Qafan yolunun öz ərazisinə düşən hissəsində polis və gömrük postu qurması, Ermənistana girən İran avtomobillərinin yoxlaması, ardınca işğaldan azad edilmiş ərazilərə yük daşıyan iki iranlı sürücünü saxlaması Tehrana arqument buraxmadı.
Prezident İlham Əliyevin “Anadolu”ya müsahibəsində İranı ifşa etməsi, konkret dəlillərlə Tehranın erməni separatçılarına yardım cəhdlərini qeyd etməsi isə İranı əməlli-başlı dalana dirədi.
Fikir verək: İranlı sürücülərin saxlanılması və Bakıdan səslənən rəsmi bəyanatlardan sonra Tehran Qarabağa yük daşıma həyata keçirdiyini təkzib etmədi, bu isə onun işğal müddətində də Ermənistana aşkar dəstəyinin göstəricisidir.
Əvvəllər Tehranın təkzibetmə siyasətinin tezisi aşağıdakı cümlələr üzərində qurulurdu:
1. Mətbuatda yayılanlar həqiqəti əks etdirmir,
2. Faktla bağlı araşdırma aparılır (bu cümlə əsasən işğaldan sonra diplomatik mətnlərin tərkib hissəsinə gətirildi),
3. İranlı sürücülərin saxlanılması yolverilməzdir (bu ifadə isə son hadisələrdən sonra verilən açıqlamaların ana xəttini təşkil edir).
Cənab Abdullahian müsahibəsində Bakı-Tehran əlaqələrinə toxunur, xalqlar arasındakı münasibətlərin ən yüksək səviyyədə olduğunu deyir, lakin bu müsahibənin nüvəsində dayanan mövzu deyil.
Müsahibənin məğzi daha çox Azərbaycan-İsrail müttəfiqliyinin İranda yaratdığı qıcıq və aqressiya dolu qısqanclığın hədəflərinin elanı idi.
Diqqət ediləsi məqam: İran Azərbaycanın Qarabağı Ermənistanın işğalından azad etməsini həzm edə bilmir, lakin yaranan reallıq dərk edilərək deyilir ki, Tehran ərazilərin işğalçılardan təmizlənməsini ali səviyyədə dəstəkləyir.
Hörmətli Abdullahian, sizin dediyiniz dəstək deyil, dəstəyin xarakter və mahiyyəti, siyasi motivlərinin təzahürləri siz dediyiniz kimi olmur. Dəstək verən ölkə, erməni separatizminin alovlanmasına xidmət edən daşımalara imza atmaz. İkincisi, siz hansı status və mandatla Qarabağa girirsiniz? Bu ancaq Azərbaycanın razılığı ilə baş tuta bilər, özü də yalnız iqtisadi əsaslarla.
İranın baş diplomatı Vətən müharibəsində regiona terrorçu qrupların gətirildiyini deməklə də Azərbaycana söz atır, halbuki erməni terrorizmindən bir kəlmə belə bəhs etmir.
İran diplomatiyasının “ağır artilleriyası”nın “regiona terrorçu qruplaşmalar gətirilib” deməsinin arxasında dayanan marağı izah etməyə çalışaq.
Sözsüz ki, burada hədəf Ermənistan yox, Azərbaycandır. Cənab Abdullahian açıq şəkildə dilə gətirmir ki, terrorçular, muzdlular məhz Ermənistan tərəfində döyüşüb, hələ müharibə başlamamışdan öncə Ermənistan mətbuatı özü də bunu bəh-bəhlə tirajlayırdı.
İkinci, bir detala da diqqət yetirmək lazımdır, qısqanclıq və hikkə labirintində boğulan İran terrorçu məsələsini bundan əvvəl də dilə gətirmişdi:
Bu il fevralın 26-da Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında İranın “Mehr” agentliyinin əməkdaşı sual verərkən terrorçu ünsürlər məsələsini qabartmışdı. Sözsüz ki, o sual jurnalistin öz beyninin məhsulu deyildi, bu, Tehranın mövqeyinin jurnalistin vasitəsi ilə dilə gətirilməsi idi.
İlham Əliyev həmin müxbiri yerində oturtdu, çünki jurnalist sual verməkdən çox ittihamedici motivlərlə fikir yürüdürdü.
Muzdluların, terrorçuların Azərbaycan tərəfində döyüşməsinə dair bir dənə də dəlil yoxdur, ermənilərin tirajladığı bəzi məlumatların isə saxta və qurama olduğu üzə çıxıb.
İndi sual olunur: Cənab Abdullahian, siz niyə ikibaşlı danışırsınız?
İsraillə bağlı məqama gəlincə, Azərbaycan İsrailə Qarabağdakı layihələrdə iştirak imkanı tanıyıb, buna görə Tehrandan icazəmi alınmalı idi? Tehranın narahatlığı başadüşüləndir, axı, Azərbaycan ordusunun arsenalında İsrailin ən müasir silahları da daim atışa hazır vəziyyətdədir.
Bakı-Təl-Əvəv əlaqələri dərinləşir, amma Azərbaycan bu münasibətləri öz ərazisindən üçüncü ölkəyə qarşı istifadə edilməsinə yol vermir.
İran diplomatiyasını böhranlı duruma salan digər məqam: Azərbaycan postmüharibə dövründə Ermənistanla sərhədlərini müəyyənləşdirir və strateji yüksəkliklərdə mövqe tutur.
Əvvəlki yazılarımızda bu barədə yazmışıq, İran öz ətrafında yeni sərhəd zolağının yaranmasını istəmir.
Abdullahian da bunu etiraf edir, amma İsrail amilinin arxasına sığınaraq.
O bildirir: “Bölgədə geosiyasi transformasiyanı və sərhədlərdə dəyişikliklər edilməsini qəbul edə bilmərik və buna ciddi etirazımız var”.
Yəni:
1. Mən sənin Ermənistanla sərhəd zolağı yaratmağını qəbul etmirəm,
2. Postkonflikt dövrü təkcə Ermənistanla yox, İranla dövlət sərhədinin Cəbrayıl, Zəngilan, Füzuli istiqamətində də möhkəmləndirməni zəruri edir. Tehran bundan da dərin isterika keçirir, axı bu zamana qədər həmin ərazilər çirkli pulların yuyulması və narkotik tranziti üçün münbit koridor idi…
Dediyimiz odur ki, Azərbaycanın İsraillə əlaqələri olmasaydı belə, Tehran siyasətində başqa bəhanələr tapacaqdı…