İranda benzinin qiyməti iki dəfə artırılır.
İranda sentyabrın 8-dən etibarən yanacaqdoldurma məntəqələrinin kartı ilə alınan benzinin qiyməti iki dəfə artırılacaq.
Hökumət nümayəndəsi Fateme Möhacirani bildirib ki, bu tarif üzrə benzinin bir litri 5 min tüməndən 10 min tümənə yüksəldiləcək.
Bununla belə, əhali üçün güzəştli tariflər qüvvədə qalacaq. Sürücülər ay ərzində 60 litr benzini litri 1 500 tümənə, daha 50 litri isə 3 000 tümənə ala biləcəklər.
Bu limitlərdən artıq yanacaq alan və ya şəxsi yanacaq kartı olmayan şəxslər məntəqənin kartından istifadə etməlidirlər. Məhz bu zaman benzinin litri 10 min tümənə başa gələcək.
Məsələn, əlavə 50 litr benzin alan sürücü əvvəl 250 min tümən ödəyirdisə, sentyabrın 8-dən həmin məbləğ 500 min tümən olacaq.
Qeyd edək ki, İranda benzinə dövlət subsidiyaları tətbiq edilir. Ölkədə yanacağa tələbat istehsalı üstələdiyi üçün xaricdən benzin idxal olunur. Ucuz yanacaq qiymətləri isə qaçaqmalçılığın artmasına səbəb olan amillərdən biri hesab edilir.







