ABŞ-İsrail koalisiyası ilə İran arasnda davam edən müharibə enerji bazarları və təchizat zəncirləri vasitəsilə qlobal iqtisadiyyata ciddi təsir göstərməyə davam edir.
“Reuters”in təhlilinə görə, neft və qaz idxalından yüksək asılılığı olan ölkələr ən böyük risklərlə üz-üzədir. Xüsusilə maliyyə imkanları məhdud olan inkişaf etməkdə olan iqtisadiyyatlar daha həssas vəziyyətdədir.
Avropanın aparıcı iqtisadiyyatları da bu təzyiqdən kənarda qalmır. Almaniya və İtaliya enerji idxalının yüksək payına görə istehsal aktivliyinin azalması riski ilə qarşılaşır. Böyük Britaniyada isə enerji sektoruna təzyiq və inflyasiyanın artması faiz dərəcələrinin yüksəlməsinə və əhalinin maliyyə yükünün ağırlaşmasına səbəb ola bilər. Yaponiya demək olar ki, bütün nefti və qazın böyük hissəsini Hörmüz boğazı vasitəsilə idxal etdiyi üçün həm valyuta, həm də inflyasiya riskləri ilə üzləşir.
İnkişaf etməkdə olan ölkələr – Hindistan, Türkiyə və Yaxın Şərq dövlətləri də ciddi iqtisadi təzyiq altındadır. Hindistan neftin təxminən 90%-ni idxal edir və qiymət artımı artıq rupi məzənnəsinə və ÜDM artım proqnozlarına təsir göstərir. Türkiyə inflyasiya və valyuta təzyiqi ilə mübarizə aparır, lirəni sabit saxlamaq üçün ehtiyatlardan istifadə etməyə məcbur qalır.
Daha zəif iqtisadiyyata malik ölkələr – Şri-Lanka, Pakistan və Misir isə ən ağır zərbəni alır. Bu ölkələrdə yanacaq və ərzaq qiymətlərinin bahalaşması, iş saatlarının azalması, valyutaların dəyərdən düşməsi, turizm və ixrac gəlirlərinin azalması müşahidə olunur.
Münaqişənin kəskinləşməsi ABŞ və İsrailin İranın hərbi obyektlərinə zərbələri ilə əlaqələndirilir. Bu isə dünya neftinin təxminən 20%-nin daşındığı strateji Hörmüz boğazında tədarükün məhdudlaşması riskini artırır.
Artıq enerji daşıyıcılarının qiymətlərində artım və tədarükdə fasilələr qlobal inflyasiya təzyiqini gücləndirir və iqtisadi çətinlikləri dərinləşdirir. “Reuters” vurğulayır ki, bu böhranın təsirləri qeyri-bərabər paylanır, ən böyük zərbəni enerji idxalçıları və maliyyə ehtiyatları məhdud olan ölkələr alır.
Ekspertlər xəbərdarlıq edir ki, münaqişə davam edərsə, dünya iqtisadiyyatı daha dərin enerji böhranı, neft və qaz qiymətlərinin artması və inflyasiyanın güclənməsi ilə üzləşə bilər. Ən həssas ölkələr isə bu vəziyyətə uyğunlaşmaq üçün minimal imkanlara malik olaraq qalır.







