İran ilə ABŞ-ın münasibətlərinin son dərəcə kəskin olmasına baxmayaraq, iki ölkə arasında ixrac və idxal əməliyyatları davam edir.
İranın Baş Gömrük İdarəsinə istinadən, cari ilin ötən 5 ayında İrandan ABŞ-a edilən ixracın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,8 faiz artaraq 45,11 milyon dollar təşkil edib. İrandan ABŞ-a əsasən zəfəran, qara kürü, müxtəlif ölçülü xalçalar, püstə və digər çərəz növləri ixrac edilib.
İranın ABŞ-dan idxalı isə azalaraq 41,275 milyon dollara düşüb. İran ABŞ-dan əsasən kimyəvi və mineral gübrələr, bitki toxumları, heyvanlar üçün yem, tibbi ləvazimatlar idxal edir.
Gömrük İdarəsində hesab edirlər ki, noyabrın 4-də ABŞ-ın İrana qarşı tətbiq edəcəyi sanksiyalar tam qüvvəyə minəndən sonra idxal-ixrac əməliyyatları daha da azalacaq və iki ölkə arasındakı ticarət balansı pozulacaq.
©AZƏRTAC