Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin əməkdaşları tərəfindən qızıl-zinət əşyalarının və tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
DSX Mətbuat Mərkəzindən verilən məlumata görə, iyunun 1-də saat 03:20 radələrində Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxsin dövlət sərhədini pozaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə doğru hərəkət etməsi sərhəd naryadı tərəfindən müşahidə edilib.
Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, ərazi qapadılmış, yerli hüquq mühafizə orqanları məlumatlandırılaraq sərhəd pozucularının təqibinə başlanılıb. Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə həyata keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhəd pozucularından biri təqib olunaraq yaşadığı evinin həyətyanı sahəsində saxlanılmışdır. Onun Yardımlı rayonunun Avaş kənd sakini 1986-cı il təvəllüdlü Quliyev Mehman Valeh oğlu olması müəyyənləşdirilib.
Araşdırma zamanı M.Quliyev həmkəndlisi 1990-cı il təvəllüdlü Mayılov Rahim Abdulla oğlu ilə birgə digər həmkəndlisi Ağayev Nazim İmanali oğlunun sifarişi əsasında İrandan qızıl-zinət əşyaları gətirmək məqsədilə dövlət sərhədini pozmalarını etiraf edib.
M.Quliyevin yaşadığı evə baxış keçirilərkən 10 kiloqram 790 qram qızıla bənzər zinət əşyaları aşkarlanıb, cinayətin digər iştirakçısı R.Mayılovun saxlanılması məqsədilə keçirilmiş axtarış tədbirləri zamanı onun yaşadığı evdən qaçaraq gizlənməsi məlum olub. Polis əməkdaşları ilə birgə R.Mayılovun yaşadığı mənzilə baxış keçirilərkən qaçaqmalçılıq yolu ilə İİR-dən gətirilmiş 7050 qutu “MARLBORO” markalı siqaretlər aşkar olunaraq götürülüb.
Qaçaqmalın sifarişçisi Avaş kənd sakini 1978-ci il təvəllüdlü Ağayev Nazim İmanali oğlu saxlanılıb, R.Mayılovun axtarışı üzrə tədbirlər davam etdirilir.