İran Konstitusiyasına Nəzarət Şurası parlamentin yeni il, 1402-ci il (2023-cü il) üçün təsdiq etdiyi dövlət büdcəsi haqqında qanun layihəsinə 224 irad bildirərək düzəliş edilməsi üçün geri qaytarıb.
Bu barədə “Amerikanın səsi”nin farsca redaksiyası məlumat yayıb.
İranda yeni il martın 22-dən başlayır. Bir həftədən sonra yeni il daxi olur. Ancaq ölkə iqtisadiyyatında yaranmış problemlər və inflyasiyanın artması dövlət büdcəsinin qəbulunda problem yaradıb. Parlamentlə hökumət arasında bir sıra məhsulların, o cümlədən gündəlik tələbat mallarının qiymətinin qalxması ilə bağlı fikir ayrılığı var.
Qeyd edək ki, İran Konstitusiyasına Nəzarət Şurası ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xameneinin başçılıq etdiyi ali rəhbərlik qurumunun əsas idarəetmə institutu sayılır. Şura təsdiqləyəndən sonra sənədi Xamenei imzalayır. Bundan sonra qanun və ya qərar icra üçün qüvvəyə minir.