Cari İran ilinin 6 ayı (21 mart -22 sentyabr 2025) ərzində İranın Azərbaycandan məhsul idxalı ötən İran ilinin analoji dövrü ilə (20 mart -21 sentyabr 2024) müqayisədə dəyər baxımından 55,5%, çəki baxımından 59,2% azalıb.
Bu barədə İranın Gömrük Administrasiyasının statistikasının məlumatında bildirilir.
Statistikaya əsasən, 6 ayda İranın Azərbaycandan məhsul idxalı təxminən 5,83 milyon dollar dəyərində 3,1 min ton təşkil edib.
Ötən ilin analoji dövründə İran Azərbaycandan 13 milyon dollar dəyərində 7,63 min ton məhsul idxal edib.
Statistikada qeyd olunur ki, İran Azərbaycandan müxtəlif avadanlıqlar, sıxılmış soya, müxtəlif növ profillər və sairə məhsullar idxal edib.
Statistikaya görə, 6 ayda İranın Azərbaycanla ticarət dövriyəsi təxminən 283 milyon dollar dəyərində 424 min ton təşkil edib. Ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 22%, çəki baxımından 5,2% azalıb.
Qeyd edək ki, İranın Gömrük Administrasiyasının statistikasına əsasən, 6 ay ərzində İrana məhsul idxalı təxminən 28,4 milyard dollar dəyərində təxminən 18,8 milyon ton təşkil edib. Məhsul idxalı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 15% azalıb, çəki baxımından 2% artıb.
İran məhsul idxalında əsasən ölkənin ehtiyac duyduğu zəruri məhsulların idxalına önəm verir və ölkədə istehsal olunan məhsulların bənzərinin ölkəyə idxal olunmasına müəyyən məhdudiyyətlər tətbiq edir.