6 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

İranlı rəsmi: “İran və Azərbaycanın Araz çayından istifadə üçün birgə planları var”

İran və Azərbaycan arasında sərhəd çaylarından birgə istifadə sahəsində çox yaxşı əməkdaşlıq mövcuddur.

Bunu açıqlamasında İranın energetika nazirinin beynəlxalq məsələlər üzrə müşaviri Məhəmməd Əli Fərəhnakian deyib.

M.Fərəhnakianın sözlərinə görə, İran və Azərbaycan arasında sərhəd çaylarından birgə əməkdaşlıq 50 ildən çoxdur ki, davam edir. Məsələn, bu çərçivədə Araz çayı üzərində Araz və Mil-Muğan su anbarları inşa edilib və uzun illərdir ki, istifadədədir: “İki ölkənin Araz çayının potensialından maksimum şəkildə istifadə etmək üçün birgə planları var. İki dövlət arasında təsdiqlənən memoranduma əsasən, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları inşa olunub. Bu hidroqovşaqlar Araz çayının suyunu tənzimləməklə yanaşı, su elektrik stansiyalarının (SES) da tikilməsinə şərait yaradıb. Bu əsasda iki ədəd SES İran şirkəti tərəfindən tikiləcək və vəsait hər iki dövlət tərəfindən ödəniləcək”.

İranlı rəsmi deyib ki, son vaxtlar İranın energetika naziri Əli Əkbər Mehrabian İranın Azərbaycanda istilik elektrik stansiyası inşa etməyə hazır olduğunu elan edib.

“Bununla əlaqədar Azərbaycan ərazisində stansiyanın inşa olunması üzrə araşdırmalar aparılacaq. Bu istilik elektrik stansiyasının elektriki birgə şəkildə istifadə ediləcək. İranın elektrik stansiyalarının tikilməsi üzrə beynəlxalq səviyyəli potensialı var”, – deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycanla İran sərhədində Araz çayı üzərində “Qız Qalası” və “Xudafərin” hidroqovşaqları 1,6 milyard kubmetrdən çox su tutumuna malikdir. Həmçinin, SES-lərin ümumi qoyuluş gücü 280 MVt olacaq. Bu hidroqovşaqlar və su elektrik stansiyaları Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradacaq.

Mənbə:Trend
Son xəbərlər
Oxşar xəbərlər