İraq OPEC-dən çıxmaq imkanını nəzərdən keçirir

İraq hakimiyyəti neft hasilatı kvotasının artırılması ilə bağlı Bağdadın təklifinin OPEC tərəfindən rədd ediləcəyi təqdirdə ölkənin təşkilatdan çıxması imkanını nəzərdən keçirir. Bu barədə “Shafaq News” agentliyi İraq hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, OPEC-dən çıxmaq ideyası İraqın neft ixracını artırmaq və ABŞ ilə İran arasındakı münaqişə nəticəsində ölkənin məruz qaldığı itkiləri kompensasiya etmək planının tərkib hissəsidir. Hökumət OPEC-in müəyyən etdiyi hasilat limitinin aşılmasının mümkün nəticələrini də qiymətləndirir.

Mənbələr bildirirlər ki, neft hasilatının artırılması və ya OPEC-dən çıxmaqla bağlı hər hansı qərarın iyulun ortalarında İraqın Baş naziri Əli əz-Zeydinin Vaşinqtona planlaşdırılan səfərindən sonra qəbul ediləcəyi gözlənilir.

Agentlik xatırladır ki, İraq OPEC-də neft hasilatına görə ikinci ən böyük istehsalçıdır. Neft satışından əldə olunan gəlirlər ölkənin dövlət büdcəsi gəlirlərinin təxminən 90%-ni təşkil edir. İxrac olunan neftin böyük hissəsi dəniz yolu ilə daşınır və bunun təxminən 95%-i ABŞ və İsrailin İrana qarşı müharibəsi zamanı bağlanmış Hörmüz boğazından keçir.

BƏƏ mayın 1-də OPEC və OPEC+ formatından çıxdığını elan edib. Əbu-Dabinin Milli Neft Şirkətinin (ADNOC) baş direktoru Sultan bin Əhməd əl-Cabir bildirib ki, bu qərar ölkənin suveren maraqlarına uyğundur və digər dövlətlərə qarşı yönəlməyib. BƏƏ-nin energetika və infrastruktur naziri Suheil əl-Məzrui isə qeyd edib ki, qərar ölkənin uzunmüddətli iqtisadi strategiyasına, enerji potensialının inkişafına və qlobal enerji təhlükəsizliyinə sadiqliyinə əsaslanır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər