9 C
Baku
Saturday, December 21, 2024

İraqdan Türkiyəyə yenidən neft ixracının başlaması planlaşdırılır

İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani İraqdan Türkiyəyə neft ixracının yenidən başlaması üçün həll yolu tapmağa hazır olduqlarını vurğulayıb.

O, bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Bayraktarı qəbul edərkən deyib. İraq Baş nazirliyinin mətbuat xidmətindən verilən yazılı açıqlamaya görə, Sudani ilə Bayraktar arasında Bağdadda keçirilən görüşdə iki ölkə arasında enerji sahəsində əlaqələrin gücləndirilməsi müzakirə edilib.

Sudani görüş zamanı İraqdan Türkiyəyə neft ixracının yenidən başlaması üçün həll yolu tapmağa hazır olduqlarını bildirib.

O, İraq və Türkiyə arasında suyun bölüşdürülməsi məsələsinə toxunaraq, iki ölkənin bu mövzuda daha çox əməkdaşlığa ehtiyacı olduğunu söyləyib.

Sudani “strateji layihə” adlandırdığı İnkişaf Yolu Layihəsinə də işarə edərək, sözügedən layihənin hər iki ölkənin iqtisadiyyatının inkişafında böyük payı olacağını ifadə edib.

Ankara və Bağdadın Qəzza mövzusunda fikir birliyi olduğunu deyən Sudani Türkiyənin İsrailin Qəzzaya hücumlarına açıq və şəffaf münasibətini təqdir etdiklərini bildirib.

Qeyd edək ki, Parisdə yerləşən Beynəlxalq Arbitraj Məhkəməsinin Türkiyə ilə İraq arasında neft ixracı ilə bağlı verdiyi qərardan sonra martın 25-də İraqdan Ceyhan limanına neft axını dayandırılıb.

Son xəbərlər
Digər xəbərlər