Maliyyə Sabitliyi Şurasının qəbul etdiyi “2017-ci il və ortamüddətli dövrə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması üzrə tədbirlər planı”na uyğun olaraq “Fiskal qayda”ların qəbulu orta və uzun müddətli dövrdə fiskal siyasətin kontr-tsiklliyi və dayanıqlığının təmin edilməsində mühüm rol oynayacaq.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilib.
Bildirilir ki, ortamüddətli dövrdə fiskal konsolidasiyanın davam etdirilməsi və kəsirsiz büdcəyə nail olunması, stimullaşdırıcı vergi siyasətinə keçid, dövlət xərclərinin iqtisadi artımı və şaxələnməni dəstəkləyən istiqamətlərə (ilk növbədə insan kapitalının inkişafı) fokuslaşması makroiqtisadi sabitliyin qorunması və iqtisadi artımın sürətləndirilməsində mühüm rol oynayacaq. Ortamüddətli xərc çərçivəsinin tətbiqinə keçid, iri dövlət şirkətlərində maliyyə intizamının gücləndirilməsi və korporativ idarəetmə standartlarının tətbiqi işləri də davam etdiriləcək.