4 C
Baku
Tuesday, December 24, 2024

İribuynuzlu və xırdabuynuzla heyvanları cüzi məbləğ ödəməklə sığortalamaq mümkündür

Qazax rayonunda “Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta” mövzusunda regional tədbir keçirilib. Aqrar Sığorta Fondu və Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov son illər Qazax rayonunda aqrar sahənin sürətlə inkişaf etdiyini, əkin sahələrinin, xüsusilə də suvarılan sahələrin artdığını qeyd edib. Rayon ərazisində taxılla yanaşı, meyvə bağları və tərəvəz sahələri də artır. İcra başçısı bildirib ki, bu işlərə investisiya yatıran fermer, sahibkar və şirkətlər sahələrin qorunmasının da qayğısına qalmalı və dövlətin əlverişli şərtlərlə təqdim etdiyi aqrar sığorta vasitəsilə sahələrini sığorta etməlidirlər.

Qeyd edək ki, Qazax-Tovuz bölgəsi Gəncə-Daşkəsən regionu ilə birlikdə Azərbaycanda iqlim hadisələrinin ən çox baş verdiyi bölgələrdəndir. Araşdırmalar göstərir ki, ölkə ərazisində hər il qeydə alınan dolu hadisələrinin yarıdan çoxu bu regionların payına düşür, bu il baş verən qeyri-sabit hava şəraiti və təbii fəlakətlər də regiona zərər vurub.

Tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov xatırladıb ki, aqrar sığorta dövlətin fermerlərə mühüm dəstək mexanizmidir və aqrar sığorta haqqının 50%-ni də fermerlərə dəstək üçün dövlət özü ödəyir.  O qeyd edib ki, 2022-2023-cü illərdə Qazax-Tovuz regionunda fermer və təsərrüfatlara 205 min manatdan artıq ödəniş edilib. Fuad Sadıqov bildirib ki, 2023-cü ildə müşahidə olunan qeyri-sabit hava şəraiti, sel və daşqınlar səbəbindən sığorta hadisələri kəskin artıb. Nəticədə bu il sığorta ödənişlərinin daha da artacağı gözlənilir. Hadisələr nəticəsində fermerlərə dəyən zərərin ödənilməsinə yaxın günlərdə başlanılacaq, artıq Aqrar Sığorta Fondu bununla bağlı zəruri ehtiyatları yaradıb.

Tədbirdə aqrar sığorta vasitəsilə əkin sahələri və heyvanların sığortalanması, hadisə baş verərkən ödəniş prosesinin detalları ilə bağlı geniş məlumat verilib. Bildirilib ki, iribuynuzlu və xırdabuynuzla heyvanları cüzi məbləğ ödəməklə sığortalamaq olar. Xüsusilə son aylar baş verən sel və daşqın hadisələri zamanı heyvanları sel apardığı xatırlanıb və bildirilib ki, qiyməti 300 manat olan qoyun və keçiləri cəmi 9-10 manata, qiyməti 2000 manat olan inəkləri isə 61-95 manata sığorta etmək mümkündür. Qeyd edilib ki, bir neçə ay əvvəl rayondakı təsərrüfatlardan birində 80 baş xırda buynuzlu heyvanı sel aparıb və təsərrüfata 25 min manat zərər dəyib, halbuki qat-qat kiçik məbləğ ödəməklə onları sığorta etmək olardı. Qazax-Tovuz regionunda meyvə bağlarının sahəsinin sürətli artması qeyd edilib və bildirilib ki, müxtəlif meyvə bağlarında 1000 manatlıq məhsulu qorumaq üçün cəmi 20-30 manat sığorta haqqı ödəmək kifayətdir. Fermer və təsərrüfat sahibləri sel-subasma və 3-cü şəxslərin hərəkəti nəticəsində dəyən zərərlərə görə ödənişlərin verilməsi, dəyən zərərin hesablanması ilə bağlı sual və təkliflərini səsləndiriblər.

Tədbirdə fermerlərin tez-tez rastlaşdığı suvarma və quraqlıq probleminə də toxunulub. Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqov bildirib ki, qarşıdakı illərdə Azərbaycanda dəmyə ərazilərində taxıl əkinlərinin quraqlıqdan sığortalanması ilə bağlı işlər aparılır. Fond rəhbəri fermerləri aqrar sığortadan faydalanmaq üçün əkin sahələrini sığortalamağa, eləcə də əldə edəcəkləri məhsulun həcmini düzgün bəyan etməyə çağırıb. Tədbirdə Aqrar Sığorta Fondunun elektron yenilikləri – “Aqrar Sığorta Kalkulyatoru” və “Sığorta şəhadətnaməsini yoxla” xidmətləri barədə məlumat verilib. 

Son xəbərlər
Digər xəbərlər