26 C
Baku
Wednesday, July 17, 2024

İşə qəbul prosesində bəzən yaxşı olduğunuz üçün “yox” cavabı alırsınız

Müəllif: Elçin Həsənov,  Azersun Holding

Bəlkə də əksəriyyətiniz bunu bilmirsiz, amma bəzən iş üçün müraciət etdiyiniz iş yerindən məhz çox yaxşı olduğunuz üçün “yox” cavabı alırsız. Bunu İşə Qəbul şöbəsində işləyənə qədər mən də bilmirdim. Yəqin ki, ətrafınızda olan insanlardan çox eşitmisiz ki, filan şirkətə “satıcı və ya mühafizəçi” işi ilə bağlı müraciət etdim amma “yox” cavabı aldım, halbuki mən ali təhsilli ola ola orta təhsilli və üstəlik məndən də bacarıqsız namizədləri dəyərləndirdilər. Həmin insanların bəlkə də ağlına gəlməz ki, onları məhz digər namizədlərdən üstün olduqları üçün dəyərləndirməyiblər, belə insanlara ingiliscə “overqualified” deyilir. Gəlin məsələyə daha detallı yanaşaq. Məsələn, “X” şirkəti “Mühafizəçi” vakansiyası elan edir, internetdə iş elanlarına baxan işsiz ali məktəb məzunu isə elanı görür və artıq ailəsinin işsiz keçinə bilmədiyini anlayaraq bu işə müraciət edir, güman edir ki, bu şirkət artıq ona “təcrübən yoxdur, bizə isə təcrübəli mütəxəssislər lazımdır” deyərək qol, qanadını sındırıb geri qaytarmayacaq. Namizəd iş görüşməsinə dəvət olunur və fərdi söhbət nəticəsində bu işə nə dərəcədə ciddi və istəkli yanaşdığını işəgötürən öyrənməyə çalışır. İşəgötürən də, öz növbəsində, düşünür ki, həmin bu ali təhsilli namizəd onun qoyduğu tələblərə artıqlaması ilə uyğundur, lakin bu namizədin nə qədər mühafizəçi işləyə biləcəyi ona qaranlıq qalır, çünki ali təhsilli namizəd yəqin ki, daha rahat və perspektivli işlərdə işləməyə can atacaq. Beləliklə, daima yeni iş axtarışında olacaq və onun işə adaptasiyası, forma və sertifikatı üçün çəkilən xərclərə baxmayaraq bəlkə çox yaxın bir zamanda yeni bir şirkətdən dəvət alıb bu işi tərk edib gedəcək. Baxın, bu halda hər iki tərəf çıxılmaz vəziyyətdə qalır, namizəd işləmək istəyir, işəgötürən isə ona “sadiq” bir personal axtarır. Bu məsələyə öz baxışımı qeyd edim, mənim təklifim budur ki, bu kimi hallarda namizədlər iş görüşməsində həddən artıq səmimi olmalıdır və çox çalışmalıdır ki, işəgötürəni inandırsın ki, ona dəyər veriləcəyi təqdirdə uzun zaman onlarla çalışa bilər, işə götürən rəhbər isə yalnız özünü düşünməməli əksinə şirkətin mənafeyi üçün bu kimi namizədləri dəyərləndirməlidir, “mühafizəçi” vakansiyasına müraciət edən “overqualified” namizədi elə mühafizəçi kimi işə qəbul edib sonradan şirkət daxilində özünü daha yaxşı göstərə biləcəyi bir sahə və ya sahələrdə dəyərləndirmək olar. Mühafizəçi kimi işə qəbul olub sonradan digər yüksək vəzifələrə adlayan personal “karyera nərdivanı”na birinci pillədən qalxmağa başlayıb uğur qazanan personal kimi cəmiyyətə nümunə ola bilər, təbii ki, bu halda işəgötürən şirkət də əmək bazarında özünə müsbət rəy toplayacaq və sözsüz ki, öz personallarının da güvənini qazanacaq. Bir şirkət üçün hər hansı bir namizədi əbəs yerə itirmək ictimaiyyətin rəğbətini itirmək kimi acı bir nəticəyə çevrilə bilər.

Son xəbərlər
Digər xəbərlər

6 ŞƏRH

Comments are closed.