25 C
Baku
Monday, April 29, 2024

“İşə düzəltmək adı ilə dələduzluq edilməsi halları var” – Baş Prokurorluqdan açıqlama

Son zamanlar özlərini müxtəlif dövlət orqanlarının məsul əməkdaşı kimi təqdim edən şəxslər tərəfindən vətəndaşları işə düzəltmək adı ilə onlara qarşı dələduzluq edilməsi hallarına rast gəlinir.

Banker.az xəbər verir ki, bunu Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Aynur Əfəndiyeva “Müxtəlif dövlət orqanlarının adından istifadə edərək vətəndaşları işə düzəltmək adı ilə dələduzluq edən şəxslərlə” bağlı videomüraciətində deyib.

Videomüraciətdə deyilir: “Həmin şəxslər iş üçün müraciət etmiş vətəndaşların mobil nömrələrini və onların elektron poçt ünvanlarını müxtəlif yollarla əldə edir, daha sonra həmin mobil telefon nömrələrinə və poçt ünvanlarına mesaj göndərərək iş üçün müraciət etmiş şəxsin müraciətinin guya qəbul edildiyini bildirərək işə qəbul edilmə ilə bağlı sənədləşmə işlərinin həyata keçirilməsi üçün müxtəlif miqdarlarda dövlət rüsumunu mesajda qeyd etdikləri bank hesab nömrəsinə göndərilməsini tələb edir. Əfsuslar olsun ki, bəzi vətəndaşlarımız həmin bank hesab nömrələrinə heç bir dəqiqləşdirmə aparmadan pul göndərirlər”.

Son olaraq, videomüraciətdə vətəndaşlardan bu qəbildən olan mesajlara dərhal inanmamaları, bu kimi hallarda müvafiq dövlət orqanının əlaqə nömrəsinə zəng edib dəqiqləşdirmə aparmaları, hadisə barədə hüquq-mühafizə orqanlarını, o cümlədən, Baş Prokurorluğun 961 nömrəli Çağrı Mərkəzinə və Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 Qaynar Xətt əlaqə mərkəzinə, eləcə də, sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət etmələri xahiş olunur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər