Yeni qəbul olunan 29 iyun 2018-ci il tarixli “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, işaxtaran və işsiz şəxslərin işədüzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işədüzəlməsində vasitəçilik fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər.
Banker.az-ın məlumatına görə, bundan sonra həmin şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) Məşğulluq Mərkəzləri tərəfindən elektron formada reyestri aparılacaq. Reyestrin aparılması üçün müvafiq qayda və tələblər müəyyən ediləcək. İşaxtaran və işsiz şəxslərin işədüzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı barədə məlumatları Məşğulluq Mərkəzlərinə təqdim etməlidirlər. Onlar toplanılmış informasiyalara dair Məşğulluq Mərkəzləri ilə elektron qaydada qarşılıqlı məlumat mübadiləsini həyata keçirəcəklər.
İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə bağlı qanunvericiliyin tələblərini pozan hüquqi şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıdıqları da yeni “Məşğulluq haqqında” qanunda əksini tapıb.