Nazirlər Kabineti “İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydası və həmin hüquqi şəxslərə dair tələblər”i təsdiq edib.
Qaydalara görə, işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestri “Məşğulluq haqqında” Qanunun 14.2-ci maddəsində nəzərdə tutulan işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər barəsində məlumatların məcmusudur.
İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə dair tələblərə əsasən, onlar:
- Reyestrdə qeydiyyatdan keçməlidir;
- iqtisadi fəaliyyət növü işədüzəlmədə vasitəçilik fəaliyyəti olmalıdır;
- işaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə əlaqədar toplanılmış informasiya ehtiyatları ilə bağlı müvafiq qurumla elektron qaydada qarşılıqlı məlumat mübadiləsini təmin etməlidir;
- Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin tələblərinə əməl etməlidir.
Qaydalara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vergilər Nazirliyinin informasiya ehtiyatlarından və sistemlərindən istifadə edərək işədüzəlmədə vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxsin vergilər, faizlər və maliyyə sanksiyaları, hüquqi şəxsin məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcunun olmaması barədə məlumatları əldə edə bilər.