Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması qaydasında dəyişiklik ediləcək.
Bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, işəgötürənin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlığından sonra işçi əmək məzuniyyətinin növbəlilik cədvəlinə və əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və qaydasına riayət etməyərək əmək məzuniyyətindən istifadə etmək (tam, yaxud bir hissəsindən) üçün işəgötürənə ərizə ilə müraciət etmədikdə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə müvafiq iş ilinin əmək məzuniyyətinə göndəriləcək.
Yuxarıda müəyyən edilmiş hal istisna olmaqla bütün növ məzuniyyətlərin verilməsi işçinin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdiriləcək.








