Bu yazımızda 2024-cü il üzrə əməyin ödənişi fondundan işəgötürənin ödəməli olduğu tutulmalar barədə məlumat verəcəyik. Onu da qeyd edək ki, mövcud qanunvericilik 2022-ci ildəki kimi nə əmək haqqından tutulmalarda, nə də işəgötürənin ödənişləri üzrə hesablamalarda dəyişiklik olmayacağını deməyə əsas verir.
Beləliklə 2024-cü ildən əməyin ödənişi fondundan tutulmalar aşağıdakı kimi olacaq.
– məcburi dövlət sosial sığorta haqqı
– işsizlikdən sığorta haqqı
– icbari tibbi sığorta haqqı
Göstərilənləri nəzərə alaraq 2024-cü il üzrə işçinin əmək haqqına müvafiq qaydada işəgötürən tərəfindən əməyin ödənişi fondundan tutulmaların hesablanması qaydasını diqqətinizə çatdırırıq.
1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər
1.1) əmək haqqı 400 AZN olanlar üçün nümunə
a) sosial sığorta haqqı – 400 AZN əmək haqqının 200 AZN hissəsinə görə 22%-i, yəni 44 AZN,
200 AZN-dən yuxarı hissə üçün isə 200 AZN-in 15%-i, yəni 30 AZN, ümumilikdə 44+30=74 AZN
b) işsizlikdən sığorta haqqı – 400 AZN-in 0.5%-i = 2 AZN
d) icbari tibbi sığorta haqqı – 400 AZN-in 2%-i = 8 AZN
44+30+2+8=84 AZN
İşəgötürənin 400 AZN (gross-tutulmalarsız) əmək haqqı alan işçiyə görə əməyin ödənilməsi fondundan tutulan məbləğ 84 AZN olacaq.
1.2) əmək haqqı 8000 AZN-dən çox olanlar üçün nümunə
8100 AZN əmək haqqı üzrə
a) sosial sığorta haqqı – 8100 AZN-200 AZN=7900 AZN
200 AZN-ə görə 44 AZN (200 manatın 22%-i)
7900 AZN-ə görə 15%, yəni 1185 AZN
b) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN
c) icbari tibbi sığorta haqqı – 8000 manata görə 2%, yuxarı hissə kimi 100 manata görə 0.5% = 160+0.5=160.5
44+1185+40.5+160.5=1430 AZN
İşəgötürənin 8100 AZN əmək haqqı alan şəxsə görə əməyin ödənişi fondundan tutulacaq məbləğ 1430 AZN (2021-ci ildə 1350 AZN) olacaq.
2) Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər
2.1) əmək haqqı 400 AZN olanlar üçün nümunə
a) sosial sığorta haqqı – 400 AZN-in 22%-i = 88 AZN
b) işsizlikdən sığorta haqqı – 400 AZN-in 0.5%-i = 2 AZN
c) icbari tibbi sığorta haqqı – 400 AZN-in 2%-i = 8 AZN
88+2+8=98 AZN
İşəgötürənin işçinin əmək haqqına görə əməyin ödənişi fondundan tutulan məbləğ 98 AZN olacaq
2.2) əmək haqqı 2500 AZN-dən çox olanlar üçün nümunə
8100 AZN əmək haqqı üzrə
a) sosial sığorta haqqı – 8100 AZN-in 22%-i=1782 AZN
b) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN
c) icbari tibbi sığorta haqqı – 8000 AZN-in 2%-i və yuxarı olan 100 manat hissənin 0.5%-i = 160 + 0.5= 160.5 AZN
1782+40.5+160.5=1983 manat
İşəgötürən işçinin 8100 manat əmək haqqı üzrə əməyin ödənişi fondundan 1983 AZN ödəməli olacaq.
Müəllif: Şəhriyar Həbilov