14 C
Baku
Thursday, November 21, 2024

İşəgötürənin sığortaçı şirkətə ödədiyi vəsaitə görə işçi gəlir vergisi ödəməlidirmi?

Həyatın yığım sığortası üzrə bağlanan müqavilə üzrə sosial sığorta haqlarından azad edilməklə işçinin sığortaçı şirkətə ödənilən 50 faizdən çox olmayan gəlirlərinə görə işəgötürənin vəsaiti hesabına ödənilməli sosial sığorta haqları işəgötürən tərəfindən işçinin xeyrinə sığortaçı şirkətə ödənilir. Bu məbləğlər işçinin gəlir verisinə və sosial sığortaya cəlb olunan gəlirlərinə aid edilirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.1.8-ci və “Sosial sığorta haqqında” Qanunun 15-ci maddələrinin müddəalarına əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər müvafiq olaraq gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından (işçidən tutulan və işəgötürənin hesabladığı sosial sığorta haqlarından) azaddır.

İşçinin vergiyə cəlb olunan muzdlu işlə əlaqədar hesablanmış gəlirlərinin 50 faizindən çox olmamaqla həyatın yığım sığortasına köçürülən hissəsi çıxılmaqla qalan məbləğdən gəlir vergisi və sosial sığorta haqları hesablanır. Qeyd olunanlara əsasən sığortaedənin (işəgötürənin) vəsaiti hesabına sığortaedənin təşəbbüsü ilə onun tərəfindən işçinin xeyrinə həyatın yığım sığortası üzrə bağlanmış müqavilələr əsasında sığortaçılara ödənilən sosial sığorta haqlarından azad edilmiş sosial sığorta haqqı məbləğləri işçinin gəlirlərinə aid edilir. Bu halda işçinin aylıq gəliri işəgötürən tərəfindən onun xeyrinə sığortaçı şirkətə ödənilən məbləğ daxil olmaqla müəyyən edilir.

Misal: Dövlət sektorunda çalışan işçinin aylıq vergiyə və sosial sığorta haqqına cəlb olunan gəliri 1.000 manat; həyatın yığım sığortasına yönəldilən məbləğ 500 manat; işəgötürən tərəfindən işçinin xeyrinə sığortaçı şirkətə ödənilən sosial sığorta haqqından azad olan sosial sığorta məbləği 110 manat (500×22%) olduğu halda işinin aylıq gəliri 1.110 manat təşkil edir (1.000 manat əməkhaqqı+işəgötürənin sığortaçıya ödədiyi 110) manat. İşəgötürən işçinin əməkhaqqından 610 manatı həyatın yığım sığortasına köçürdüyü halda yalnız 555 manat məbləğ vergi və sosial sığorta haqlarından azad olacaqdır. Qalan məbləğ isə vergiyə və sosial sığorta haqlarına cəlb ediləcəkdir.

Əsas: Vergi Məcəlləsinin 102-ci və “Sosial sığorta haqqında” Qanunun 15-ci maddələri.

Son xəbərlər
Digər xəbərlər