9 C
Baku
Wednesday, December 25, 2024

İşəgötürənlər hansı peşə sahiblərinə daha çox ehtiyac duyurlar?

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya əmək bazarı və sosial müdafiə sahələrində mövcud vəziyyətin qiymətləndirilməsini, inkişaf meyillərinin öyrənilməsini və monitorinqləri həyata keçirir, bu sahələrdə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə təhlil və proqnozlar hazırlayır. Milli Observatoriya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Milli Observatoriyanın Monitorinq şöbəsinin baş mütəxəssisi Əli Tağızadə ilə müsahibəni təqdim edirik:

– Əli müəllim, ilk növbədə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın fəaliyyət istiqamətləri haqqında məlumat verməyinizi istərdik.

– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Prezident cənab İlham Əliyevin 2019-cu il 4 iyul Fərmanı ilə yaradılıb.

Observatoriya əmək, məşğulluq, sosial müdafiə sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün təkmil monitorinq, təhlil, proqnozlaşdırma sisteminin yaradılması istiqamətində fəaliyyət göstərir. Ümumilikdə Milli Observatoriyanın fəaliyyəti əsasən bu platformalarda təşkil olunub: Monitorinq (müayinə, sorğu), Analitik və intellektual mərkəz (“Beyin mərkəzi”),  Proqnoz, Tədqiqat və təkliflərin diskussiyası və dialoq platforması, Tədris və təlim mərkəzi.

Əmək bazarının cari və perspektiv vəziyyətinin qiymətləndirilməsi, strateji məşğulluq sahələrinin, onların gələcək inkişaf meyillərinin müəyyən edilməsi Milli Observatoriyanın  əsas vəzifələri sırasındadır. Qurumun fəaliyyət istiqamətlərinə eləcə də  iqtisadi fəal əhalinin, məşğulluğun kəmiyyət tərkibinin,  keyfiyyət göstəricilərinin müasir vəziyyətini, onların dəyişilməsinə təsir göstərən sosial-iqtisadi şəraitin  təhlil edilməsi, bu əsasda cari və perspektiv proqnozların hazırlanması, strateji məşğulluq sahələrinin müəyyən edilməsi, vakansiyalar bazasının və əmək ehtiyatları balansı üzrə əldə edilmiş məlumatların bir-biri ilə əlaqələndirilmiş təhlili daxildir.

Milli Observatoriya, həmçinin iqtisadiyyatın rəqabətə davamlı kadrlarla təmin edilməsi üçün peşə və ixtisaslara,  zəruri bacarıqlara və səriştələrə dair tələbləri müəyyənləşdirir.

– Observatoriyanın təhlilləri zamanı hansı resurslardan istifadə edilir? 

– Bizdə 2 istiqamət – təhlil və sorğu monitorinqi mövcuddur. Toplanmış məlumatlar bazası əsasında təhlillər aparırıq və bütün bunlar fərqli formalarda, fərqli proqramlarda analiz edilir. Həmçinin sorğular əsasında məlumatlar toplanır, nəticələr ümumiləşdirilir, kəmiyyət və keyfiyyət təhlilləri aparılır.

– Proses zamanı digər təhlil mərkəzləri ilə əlaqələriniz, təmaslarınız olur?

– Observatoriya bir tədqiqat mərkəzi olaraq digər müvafiq mərkəzlərlə əməkdaşlığa, təcrübə mübadilələrinə xüsusi önəm verir. Universitetlərlə sıx şəkildə işləyirik. Məsələn, keçən ilin noyabr ayında Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlığa dair Memorandum imzalandı. Memorandum çərçivəsində Milli Observatoriyanın rəhbər şəxsləri və mütəxəssisləri tərəfindən universitet tələbələri üçün müvafiq sahədə müxtəlif istiqamətlər üzrə ustad dərsləri və mühazirələrin təşkili, universitet məzunlarının əmək bazarına adaptasiyası və bu sahədə mövcud vəziyyətin təhlili istiqamətində birgə işlər görülməsi, birgə elmi-praktik və kütləvi nəşrlərin hazırlanması və s. nəzərdə tutulur. Elm və Təhsil Nazirliyi ilə mütəmadi məsləhətləşmələr, müzakirələr aparılır.

– Azərbaycan əmək bazarında ən çox tələbat olan peşə və ixtisaslar hansılardır?

– Əmək bazarı çox dinamikdir. Peşə və ixtisaslara gəlincə, bəzi istiqamətlərdə ali təhsilli kadrlar, bəzi hallarda isə peşə təhsili almış şəxslər axtarılır. İndi və gələcək üçün İT istiqamətində kadrlara tələb getdikcə artmaqdadır. Bu gün informasiya texnologiyalarını təkcə proqramçı kontekstində deyil, həm də bu sahədə yaranan məhsulları idarə etmək üçün ehtiyac olan mütəxəssislər kimi dəyərləndirmək vacibdir.

Maliyyə-mühasibatlıq, İKT, marketinq və satış, dizayn, təchizat-logistika, insan resursları, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit, maliyyə üzrə mütəxəssis, habelə kənd təsərrüfatı sahələri üzrə və s. peşələrə də ehtiyac var. Həmçinin kənd təsərrüfatı sahəsi üzrə kadrlara tələbat var və bu tələbat gələcəkdə də artmağa davam edəcək. Xüsusilə, aqronomluq ixtisasına artan tələbi görürük. Avadanlıqlar üzrə operator, mütəxəssis sahələri üzrə tələb var. Apardığımız təhlillər və sorğu nəticələri də göstərir ki, avadanlıqları idarə edəcək şəxslərə əmək bazarında ehtiyac artıb. Əmək bazarının kəmiyyət təhlilində CNC operatorlara da tələb artdığı müşahidə olunur.

Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən geniş aktiv məşğulluq proqramları hazırlanaraq həyata keçirilərkən, habelə peşə haızrlığının təşkili zamanı əmək bazarı ilə bağlı aparılmış təhlillərin nəticələrinə istinad edilir. Bu nəticələr əmək bazarında  tələb olunan bacarıqları, işəgötürənlərin işçi qüvvəsinə olan tələblərini, atılmalı olan addımlar, peşə təhsili ilə bağlı hansı istiqamətdə təkmilləşdirmələrə ehtiyac olduğu və s. əks olunur.

– İstehsalatda əl əməyinin avadanlıqlarla əvəz olunması sayəsində sıradan çıxan peşələr varmı? Məsələn, yaxın 10 ildə hansı peşələrə ehtiyac olmayacaq?

– Bütövlükdə baxsaq, bir çox peşələr əksər hallarda yox olmur, sadəcə mahiyyətini dəyişir. Bir məsələ də diqqətdən qaçmamalıdır ki, məsələn, əvvəl əl əməyi ilə görülən bir işi artıq müasir texnologiya yerinə yetirirsə, bu zaman həmin işi görən indi həmin texnologiyanı idarə etməlidir. Həmin avadanlığı idarə etmək üçün şəxs və şəxslər lazımdır. Müasir vasitələrdən, texnologiyadan istifadə edən müəssisə daha çox istehsal edir və onun logistikasına daha çox adam lazım olur. Satış heyəti artırılır, böyümə qeydə alınır. Nəticədə zamanla hətta əvvəlkindən  daha çox iş yeri yaranmış olur.

– İşəgötürənlər işçi qəbul edərkən daha çox hansı tələbləri önə çəkirlər?

– Daha çox bacarıqlara, şəxsi mənəvi keyfiyyətlərə, ünsiyyət vərdişlərinə, təşəbbüskarlığa, təqdimat bacarıqları və komanda işinə yararlı, texniki bilikləri əhatəli olan işçilərə önəm verilir. Əmək bazarının tələblərinə uyğunlaşmaq, malik olduğunu peşə bacarıqlarını daim əmək bazarının tələblərinə uyğun  təkmilləşdirmək lazımdır. Ona görə də əmək bazarının iştirakçıları əmək bazarındakı trendləri izləməlidirlər. Əmək bazarının dinamikliyi peşə bacarıqlarını daimi artırmağı tələb edir.

– Milli Observatoriyanın sosial müdafiə sahəsi üzrə fəaliyyətini də öyrənmək istərdik.

– Təbii ki, sosial müdafiə, sosial xidmətlər sahəsində də mövcud vəziyyətin qiymətləndirilməsi, inkişaf meyillərinin öyrənilməsi və monitorinqlər, təhlillər, sorğular həyata keçirilir və bu sahə üzrə də proqnozlar hazırlanır. Sorğular zamanı bir sıra hallarda təkliflər də verilir və bu təkliflər də nəzərə alınır.

 

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər