Səhər 9-dan axşam 5-ə kimi qrafik bu gün də aktualdırmı? Qismən, bəli.
Dünya Bankının əməkdaşı Emori Getin və Berklidəki Kaliforniya Universitetindən Emmanuel Saez-in əmək bazarı məlumatları əsasında apardığı yeni tədqiqat göstərir ki, dünyada işləyən yetkin insanların orta həftəlik iş yükü 42 saatdır. Bu rəqəm isə özümdə bir çox fərqləri gizlədir. İş saatlarının müddətinə cinsiyyət, yaş və ölkənin iqtisadi inkişaf səviyyəsi təsir edir. Üstəlik, heç də bütün peşələr klassik beş günlük səkkizsaatlıq iş rejiminə sığmır. Amma 40 saatlıq iş həftəsi hələ də əsas norma olaraq qalır.
İnsanların faktiki olaraq nə qədər işləməsi ilə nə qədər işləməli olması üst-üstə düşmür. İş şəraiti, gəlir səviyyəsi və mədəni normalar o qədər müxtəlifdir ki, hamıya şamil olunan vahid cavab yoxdur. Bununla belə, sizin “ideal iş həftəsi”ni necə təsəvvür etməyiniz həm əməkdaş kimi, həm də rəhbər kimi haqqınızda çox şey deyir.
Bəziləri üçün əsas, iş və şəxsi həyat arasında tarazlıqdır. Dyuk Universitetindən Qreqor Yaroş, Lora Pilossof və Entoni Svaminathanın apardığı son tədqiqatda üç ölkənin işçilərinə belə bir sual verilib: iş həftəsinin müddətini azaltmaq (və ya artırmaq) müqabilində maaşlarının nə qədər azalmasına (və ya artmasına) razı olarlar?
Almaniya və Böyük Britaniyada insanlar daha çox boş vaxt naminə gəlirlərinin bir hissəsindən imtina etməyə hazırdırlar: məsələn, Almaniya üçün “ideal” iş həftəsi 37 saat alınır. Amerikalılar isə əksinə, daha çox işləyib, daha çox qazanmağa üstünlük verərdilər. Bu nəticəni iki cür şərh etmək olar: ya amerikalıların maliyyə durumunun daha qeyri-sabit olduğunun, ya da avropalıların maliyyə cəhətdən daha “rahat” və arxayın yaşadığının göstəricisi kimi.
Bəlkə sizin üçün əsas məsələ məhsuldarlıqdır. Yaroş və həmkarları düşünür ki, Almaniyada həm əməkhaqqı fondunun, həm də saatların azaldılması hamının xeyrinə ola bilər – bir mühüm şərtlə: daha az iş saatı işəgötürənlər üçün də sərfəli olmalıdır. Məlumatlar bunu təsdiqləyən faktlar da göstərir.
Stenford Universitetindən Con Pencavel Birinci dünya müharibəsi dövründə Britaniyadakı müdafiə zavodlarında çalışan işçilərin məhsuldarlığını təhlil etmişdi. O müəyyən edib ki, həftəlik 48 saatdan sonra hər əlavə saatın verdiyi əlavə fayda kəskin azalır. 63 saatdan sonra isə iş gününün uzadılması ümumi istehsalı artıq heç artırmırdı. (Oxşar tendensiyalar daha az stresli şəraitdə də müşahidə olunur; Yaroşun sevimli suallarından biri budur: insanların cümə günü günortadan sonra gördüyü işin keyfiyyəti həqiqətən nə yerdə olur?)
Məsələyə xərclər prizmasından da baxmaq olar. Mövcud əməkdaşların iş gününü uzatmaq o vaxta qədər məntiqlidir ki, şirkətə əlavə gəlir gətirirlər. İşçilərlə bağlı sabit xərclər var, məsələn, tibbi sığorta. Bu xərcləri daha çox iş saatına yaymaq, əlavə işçilərin işə götürülməsi və bununla bağlı əlavə xərclərdən daha sərfəli ola bilər.
Gəlin, təhlükəsizlik aspektini də unutmayaq. Yorğunluq səbəbindən məhsuldarlığın düşməsi bəzi sahələrdə çox ağır nəticələr verə bilər. Charles River Associates konsaltinq şirkətindən Tanqi Braşe və onun həmkarlarının Missisipidə təcili tibbi yardım (paramedik) əməkdaşları üzrə apardıqları tədqiqat göstərib ki, uzun növbələrin sonuna yaxın onlar fövqəladə hallara daha zəif reaksiya verir və bu, bəzən ölümcül nəticələrə gətirib çıxarır.
Bəlkə də sizin üçün əsas keyfiyyətdir. Bəzi peşələrdə daha çox yorğunluq “peşəkar təcrübə qazanmağın” qaçılmaz qiyməti kimi qəbul edilir. Leyden Universitetindən Marion Kolleveyt və Əmək Bazarının və Təhsil Siyasətinin Qiymətləndirilməsi İnstitutundan Yan Zauerman Niderlanddakı “part-time” (yarımştat) call-center operatorlarını araşdırıblar. Onların cavablandırdığı zənglərin sayı işlədikləri saatların artması ilə eyni templə artmırdı. Amma işin keyfiyyəti azacıq yaxşılaşırdı. Görünür, günün sonuna yaxın yorulmuş operator həmin gün ərzində rastlaşdığı müştəri problemlərini həll etməkdə daha da peşəkarlaşır.
Uzun iş saatlarını bəzən “düzgün iş etikası”nın göstəricisi kimi görürlər. Gecə ilə, həftəsonu işləmək startaplar üçün qismən qaçılmazdır: məhsulu işə salmaq üçün böyük yük azsaylı komanda üzvlərinin üzərinə düşür. Amma bir çox təsisçilər biznes böyüdükcə belə yüksək tempi qorumağa çalışır. Bu ilin əvvəlində Sergey Brin, iddiaya görə, Google-un süni intellekt layihələri üzərində çalışan komandalara bildirib ki, həftəlik 60 saat iş – məhsuldarlıq üçün optimal balansdır. Infosys-in qurucusu Narayana Murti isə hesab edir ki, Hindistanın çiçəklənməsi yalnız 70 saatdan artıq iş həftəsi ilə mümkündür.
Artıq oturuşmuş şirkətlərdə də çox işləmək, adətən, karyera pillələri ilə yuxarı qalxmağın ən yaxşı yolu sayılır. Elon Mask bir dəfə demişdi ki, heç kim həftədə 40 saat işləyərək dünyanı dəyişməyib. Az işləyənlərin yüksəlmə şansları da, adətən, daha az olur.
Bu məsələyə başqa cür yanaşmalar da var. Məsələn, iddia etmək olar ki, optimal iş həftəsi saatların sayına yox, görülən işin miqyasına görə ölçülməlidir. Yaxud bu mövzunu siyasətçilərin öhdəsinə buraxmaq, ya da süni intellektin təsiri barədə müzakirə açmaq olar. Amma siz nə cavab versəniz, bununla təkcə çalışdığınız sahənin və ölkənin mədəniyyətini əks etdirmirsiniz – eyni zamanda, öz şəxsi prioritetləriniz barədə də çox aydın siqnal göndərirsiniz.






