24 C
Baku
Thursday, July 25, 2024

İş ilini tamamlamayan işçiyə məzuniyyətə görə kompensasiya necə hesablanır?

Təcrübədə işçinin iş ilindən daha tez əmək müqaviləsinə son verməsi hallarına rast gəlinir. Tutaq ki, işçi 05.10.2021-ci il tarixdə işə qəbul olub və onunla əmək müqaviləsi bağlanıb. 25.11.2021-ci il tarixdə isə öz xahişi ilə işdən çıxıb və əmək müqaviləsinə xitam verilib. Bu halda ona istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanmalıdırmı?

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, suala əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov aydınlıq gətirir. 

Əmək Məcəlləsinin 140-cı maddəsində məzuniyyət vaxtı üçün əməkhaqqının hesablanması və ödənilməsi qaydaları müəyyənləşib. Maddənin 2-ci bəndinə görə, 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Təcrübədə qeyd edilən nümunəyə uyğun hallarda, maddənin bu tələbini əsas gətirərək tam təqvim ayı işləmədiyi üçün işçiyə məzuniyyətin kompensasiyasını vermirlər. Bu isə işçinin məzuniyyət hüquqlarının pozulması halıdır və İnzibati Xətalar Məcəlləsində buna görə cərimə nəzərdə tutulub.

Lakin maddədə iki natamam ayda işləmiş işçinin orta əməkhaqqının hesablanması halının nəzərdə tutulmaması işçiyə kompensasiyanın verilməməsi üçün əsas ola bilməz. Bu halda işçinin faktiki qazancına əsasən, orta əməkhaqqı tapılmalı və adi qaydada məzuniyyətin istifadə edilməmiş günlərinə görə pul əvəzi hesablanıb ödənilməlidir.

Misal: Fərz edək ki, həmin işçinin vəzifə maaşı 700 manatdır. O, işlənmiş iş günlərinə mütənasib olaraq, oktyabr ayında 633 manat, noyabr ayında isə 595 manat əməkhaqqı alıb. İşçinin mütəxəssis vəzifəsində çalışmasını və bir illik məzuniyyət gününün 30 gün olmasını nəzərə alaraq ona ödənilməli kompensasiyanı hesablayaq:

30 : 365 = 0.082 gün (bir təqvim gününə düşən məzuniyyət günü)

0,082 x 52 gün (İşlənmiş təqvim günlərinə əsasən məzuniyyət günü) = 4.27 gün

İşəgötürən 4.27 günü yuxarı doğru yuvarlaqlaşdıraraq ona 5 gün üçün kompensasiya verə bilər. Hesablama aşağıdakı şəkildə aparılmalıdır:

(633 + 595) : 2 = 614 manat (orta əməkhaqqı);

614 : 30.4 = 20.20 manat (bir günə düşən əməkhaqqı)

20,20 x 5 = 101 manat.

Göründüyü kimi, işçiyə işlənmiş iş günlərinə görə əməkhaqqı ilə yanaşı, 101 manat istifadə edilməmiş məzuniyyətə görə kompensasiya da ödəniləcək.

Mənbə: Nüsrət Xəlilov: “Əmək qanunvericiliyi: testlər və praktik məsələlər toplusu” kitabı

Son xəbərlər
Digər xəbərlər