Milli Məclisin ötən həftə keçirilən iclasında “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini İdris İsayev qeyd edib ki, müəllimlərin əməkhaqqısı dərs saatına deyil, iş saatına uyğun qaydada müəyyənləşdiriləcək.
Müzakirə olunan və sözügedən təklifin müəllimlərin əməkhaqqısına necə təsir edəcəyi isə hələlik məlum deyil.
İ.İsayev onu da deyib ki, müəllimlərin əməkhaqlarının artırılması üçün yeni təkliflər də müzakirə edilir.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli bildirib ki, ənənəvi sistemdə müəllimlərin əməkhaqqısı onların həftəlik dərs yükünə, yəni sinifdə keçirdiyi saatların sayına görə hesablanırdı.
“Bu model müəllimin məktəbdə sərf etdiyi əlavə vaxtı şagirdlə fərdi işi, qiymətləndirmə, valideynlərlə ünsiyyət, metodik hazırlıq, tədris resurslarının hazırlanması və məktəbin ictimai həyatında iştirakı kimi fəaliyyətləri nəzərə almırdı.
İş saatına əsaslanan sistem isə müəllimlik peşəsini kompleks fəaliyyət kimi qəbul edir. Bu modeldə müəllimin sinifdə keçirdiyi dərs yalnız ümumi iş vaxtının bir hissəsini təşkil edir. Digər hissə isə məktəb həyatına, planlaşdırmaya və sosial-psixoloji işə yönəlir”.
Onun sözlərinə görə, yeni sistem əməyin real yükünə və keyfiyyətinə uyğun dəyərləndirməni təmin etməyə yönəlir:
“Müəllimlik fəaliyyəti çoxşaxəli və məsuliyyətli bir peşədir. Dərsdə keçilən 45 dəqiqəlik prosesin arxasında bəzən bir neçə saatlıq hazırlıq dayanır. Mövcud sistemdə bu hazırlıq prosesi əməkhaqqı ilə ölçülmədiyindən müəllimlərin motivasiyası azalır, iş yükü ilə gəlir arasında müəyyən disbalans yaranır.
Əməkhaqqının iş saatına görə müəyyən edilməsi bu disbalansı aradan qaldıra, müəllimə ədalətli qiymət verə bilər. Bu, həmçinin, müəllim peşəsinə marağın artmasına, kadr axınının azalmasına, tədris keyfiyyətinin yüksəlməsinə və ən əsası, müəllim nüfuzunun güclənməsinə səbəb ola bilər”.
Deputat vurğulayıb ki, dünya təcrübəsində müəllim əməyinin dəyərləndirilməsində əsasən iki yanaşma nəzərə çarpır:
“Bunlardan birincisi, dərs yükünə əsaslanan modeldir. Bəzi postsovet ölkələrində və inkişaf etməkdə olan cəmiyyətlərdə tətbiq olunur. Bu modeldə müəllim dərs saatı ilə “ölçülür” və bu, peşənin sosial tərəflərini kölgədə qoyur.
İş vaxtına əsaslanan model isə inkişaf etmiş ölkələrin (Finlandiya, Norveç, Yaponiya, Cənubi Koreya, Almaniya və s.) təhsil sistemlərində geniş tətbiq edilir.
Bu ölkələrdə müəllimlər məktəbdə tam iş günü keçirir, dərs hazırlığı, qiymətləndirmə və elmi-metodik fəaliyyət də əməkhaqqı çərçivəsində qiymətləndirilir. Məsələn, Finlandiyada müəllim məktəbdə orta hesabla 6 saat olur, lakin dərs yükü 3-4 saat təşkil edir. Qalan vaxt metodik hazırlığa və fərdi tədrisə sərf olunur”.
E.Mirzəbəyli beynəlxalq təcrübəyə nəzər salaraqdan bildirib ki, Almaniyada müəllimlərə “pedaqoji planlaşdırma saatları” ayrıca ödənişlə hesablanır:
“Cənubi Koreyada məktəblər müəllimlərin əlavə tədqiqat və sinifdənkənar fəaliyyətlərinə görə bonuslar tətbiq edir.
Bu yanaşmalar göstərir ki, müəllim əməyinin keyfiyyət göstəriciləri (şagird nailiyyəti, innovativ metodika, sosial bacarıq) yalnız dərs saatı ilə ölçülə bilməz”.
Müsahibimiz onu da əlavə edib ki, yeni sistemin tətbiqi bir sıra inzibati və struktur islahatları da tələb edəcək:
“Əvvəla, müəllimlərin iş vaxtı və fəaliyyət dairəsi dəqiq normativləşdirilməlidir. İkinci mühüm məsələ əməkhaqqı sisteminin diferensiasiyasıdır. Yəni iş saatına əsaslanan maaş sistemi müəllimlərin ixtisas səviyyəsi, tədris nəticələri və sosial fəallığı ilə uzlaşdırılmalıdır”.
Deputatın fikrincə, əks halda, bu mexanizm formal xarakter daşıyacaq:
“Müəllim əməyinin iş saatına görə qiymətləndirilməsi sadəcə texniki yenilik deyil, təhsil sistemində dəyərlərin transformasiyasıdır. Bu dəyişiklik müəllimə yalnız “dərs keçən” şəxs kimi deyil, mədəniyyət daşıyıcısı, sosial lider və intellektual kapitalın formalaşdırıcısı kimi yanaşmanı möhkəmləndirəcək.
Əgər bu model beynəlxalq təcrübədən öyrənilən əsas prinsiplərlə tətbiq edilərsə, Azərbaycan təhsilində peşəkar müəllim mədəniyyətinin formalaşması istiqamətində mühüm addım atılmış olacaq”,- deyə E.Mirzəbəyli qeyd edib.








