8 C
Baku
Monday, November 18, 2024

İşçi əmək qabiliyyətini itirərsə, müqaviləsinə hansı halda xitam verilə bilər?

Təcrübədə işəgötürənlər tərəfindən işçiləri Əmək Məcəlləsinin 74.1.(c)-ci maddəsi ilə, daha doğrusu “əmək qabiliyyətinin fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə” səbəbinə əsasən işdən azad etmələri halına rast gəlinir. Bəs əmək qabiliyyətinin tam itirilməsi nə deməkdir? Bu halda işçiyə hansı təminatlar verilir?

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verirki, bu barədə suallara sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir.

Əmək Məcəlləsinin 74-cü maddəsi tərəflərin iradəsindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilməsinin əsaslarını əks etdirir. Təcrübədə dəfələrlə rast gəlinib ki, işəgötürənlər dalbadal (fasiləsiz) 6 ay əmək qabiliyyətini müvəqqəti itirmiş işçiləri 74.1.(c) bəndi ilə işdən azad edib. İndi isə müvafiq maddələrə və əlaqəli məlumatlara dərindən yanaşaq.

Əmək Məcəlləsinin həm 74-cü, həm də digər maddələrinə görə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə işəgötürən işçinin əmək müqaviləsinə xitam verə bilməz. Əmək müqaviləsinə xitam verilməsi ancaq əmək qabiliyyətinin tam itirilməsi hallarında rəsmiləşdirilə bilər. Və işçinin əmək qabiliyyətinin tam olaraq itirilməsi ən azı 6 ay olmalıdır ki, bundan sonra işəgörürən işçinin əmək müqaviləsinə xitam verə bilər.

Əmək qabiliyyətinin tam itirilməsi halı Məcəllənin 74-cü maddəsinin qeyd hissəsində açıqlanmışdır:

Qeyd: Əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır.

Deməli, əmək qabiliyyətinin tam itirilməsi Əmək və Əhalinin Sosisl Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müfaviq komissiyası tərəfindən verilmiş rəy əsasında müəyyən edilir.

Əmək Məcəlləsinin 74-cü maddəsinin qeyd hissəsinə diqqət yetirdikdə aydın olur ki, əmək qabiliyyətinin itirilməsinin 3 halı mövcuddur:

  • əmək qabiliyyətinin müvəqqəti itirilməsi;
  • əmək qabiliyyətinin qismən itirilməsi;
  • əmək qabiliyyətinin tam itirilməsi.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi müvafiq tibb müəssisələri tərəfindən işçilərə verilmiş xəstəlik vərəqələrinə əsasən rəsmiləşdirilir.

Əmək qabiliyyətinin qismən itirilməsi və tam itirilməsi isə Əmək və Əhalinin Sosisl Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müfaviq komissiyası tərəfindən verilmiş rəy (arayış) əsasında təyin edilir.

Bundan əlavə əmək qabiliyyətini fasilələrlə müvəqqəti itirilməsi zamanı işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilməz. Həmçinin, əmək qabiliyyətinin fasiləsiz olaraq 6 aydan az müddətdə müvəqqəti itirilməsi zamanı da əmək müqaviləsinə xitam verilə bilməz.

Bununla yanaşı əmək qabiliyyətinin fasiləsiz olaraq 6 aydan çox müddətində müvəqqəti itirilməsi zamanı əmək müqaviləsinə xitam verilib-verilməməsi üçün işəgötürən işçinin qarşısında vəsatət qaldıra bilər. Yəni, işəgötürən işçidən Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müvafiq komissiyasından işçinin əmək qabiliyyəli olub-olmaması, işçinin əmək qabiliyyətinin qismən və ya tam itirilməsi haqqında rəy (arayış) alıb işəgötürənə təqdim olunmasını tələb edə bilər. Artıq bu rəydən sonra işəgötürən öz addımlarını atmalıdır.

Əmək və Əhalinin Sosisl Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müfaviq komissiyasının rəyləri:

Birinci halda əmək qabiliyyətinin qismən itirilməsi haqqında rəy verilə bilər və bu rəyin maksimum müddəti 1 il müddətində olmalıdır. Əgər verilən rəy bir il müddətini əhatə edəcəksə, onda işəgötürən əmək müqaviləsinə xitam verə bilməz. Əgər müddət daha uzun olacaqsa, artıq işəgötürən işçidən tələb edə bilər ki, əmək qabilyyətinin tam itirilməsi haqqında rəy təqdim etsin.

İkinci hal kimi verilən rəy əmək qabiliyyətinin tam itirilməsi haqqında olacaqdır. Bu rəy artıq işçinin əlilliyi deməkdir. Belə bir rəyin müddəti ən azı 1(bir) il müddətini əhatə etməlidir. Əlbəttə ki, daha uzun müddət də ola bilər.

Belə olan halda artıq işəgötürən işçinın əmək müqaviləsinə Əmək Məcəlləsinin 74.1.(c)-ci maddəsi ilə, daha doğrusu “əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə” səbəbinə əsasən xitam verə bilər.

Göründüyü kimi, işəgötürənlər bu məsələlərdə çox diqqətli olmalıdırlar.

Son xəbərlər
Digər xəbərlər