1 C
Baku
Saturday, December 14, 2024

“İşçi mütləq əmək müqaviləsinin bir nüsxəsini işəgötürəndən tələb etməlidir”

Əmək müqaviləsi işçi ilə işəgötürən arasında yazılı formada bağlanır və iki nüsxədən az olmayaraq tərtib olunur. Həmin nüsxələrdən biri işçidə, digəri isə işəgötürəndə saxlanılır. Təcrübədə bəzən nüsxələrdən biri işçiyə verilmir ki, bu da işəgötürən tərəfindən yol verilən qanun pozuntusudur. İşçi mütləq əmək müqaviləsinin bir nüsxəsini işəgötürəndən tələb etməlidir.

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bunu insan resurslarının idarə olunması üzrə mütəxəssis Nihad Əliyev deyib.

əO qeyd edib ki, Əmək müqaviləsi olmadan işçiləri işə cəlb etmək çox ciddi qanun pozuntusudur. Mütləq şəkildə işçi və işəgötürən arasında əmək müqaviləsi əsasında əmək münasibətləri yaranmalıdır. Əks təqdirdə, İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə əsasən, əmək müqaviləsi olmadan və ya hüquqi qüvvəyə minmədən fiziki şəxsləri işə cəlb etdikdə müəyyən məbləğdə cərimələr tətbiq olunur. Bununla yanaşı, Cinayət və Vergi Məcəllələrində də işçi ilə əmək müqaviləsi bağlamayan işəgötürənlərə müəyyən cərimələr nəzərdə tutulub. Cinayət Məcəlləsinə əsasən, xeyli sayda işçiləri əmək müqaviləsi olmadan işə cəlb etdikdə işəgötürənə azadlıqdan məhrumetmə cəzası da tətbiq oluna bilər. Əsasən pandemiya dövründə müəyyən məhdudiyyətlərdən yayınmaq üçün yazılı formada əmək müqaviləsi olmadan və ya hər hansı işin görülüb-görülməməsindən asılı olmayaraq fiziki şəxslər elektron sistemdə qeydiyyata alınıblar. Bu, qanunun pozulmasıdır. Çünki işçi və işəgötürən arasında əmək müqaviləsi yazılı formada bağlanmamış elektron sistemdə qeydiyyata alına bilməz. Əgər hər hansı fiziki şəxsin yazılı formada bağlanmış əmək müqaviləsi olmadan elektron informasiya sistemində adına müqavilə olarsa, o, dərhal müvafiq qurumlara bununla bağlı şikayətini bildirə bilər. Bu kimi hallar müvafiq qurumlar tərəfindən araşdırıldıqdan sonra öz təsdiqini taparsa, həmin işəgötürənlərə qanunvericiliyə əsasən ciddi cəzalar tətbiq oluna bilər.

Son xəbərlər
Digər xəbərlər