37 C
Baku
Tuesday, August 16, 2022

İşçilər niyə “tükənirlər” və bununla necə mübarizə aparmaq olar?

Bu gün peşə və sosial yük 10-20 il əvvələ nisbətən bir neçə dəfə çoxdur, xarici məlumatların həcmini isə böyük qartopuna bənzətmək olar. Nəticədə şəxsi problemlərlə birlikdə bütün bu stimullar asanlıqla daimi stresə və emosional tükənməyə gətirib çıxara bilər.

İşəgötürən buna biganə qala bilmir, çünki tükənmə problemi yalnız iş yerində baş verir. Məsələn, ÜST tükənməni “iş yerindəki xroniki stres nəticəsində ortaya çıxan bir sindrom” olaraq xarakterizə edir.

Deloitte araşdırması tükənmənin son illərdə genişmiqyaslı problemə çevrildiyini göstərir: respondentlərin 76%-i hazırkı iş yerlərində tükənmə hiss etdiklərini söyləyib; respondentlərin təxminən 50%-i tükənmənin təkrarlandığını qeyd edib; millenialların emosional tükənməyə daha çox meylli olduğu ortaya çıxıb (84%). Covid-19 səbəbindən məsafənin artması fonunda tükənmə riski daha da artıb.

Səbəblər arasında işdəki rolların aydın olmaması, son tarixlərə görə narahatlıq, ünsiyyət çatışmazlığı və böyük iş yükü ola bilər. Üstəlik, distant iş çərçivəsində şəxsi həyat və iş arasında tarazlıq olmur, işçi məhsuldar olduğunu göstərə bilmir, həmkarlarla ünsiyyət çətinləşir.

Tükənməyə qarşı necə mübarizə aparmaq olar?

Dünyada baş verənlər bir çox şirkəti işçilərin məhsuldarlığına və işə cəlb olunmasına münasibətlərini yenidən düşünməyə məcbur etdi. Ən təsirli vasitələrdən biri – işçilərə yardım proqramıdır və ya Employee Assistance Program (EAO). Bunlar HR-strategiyasının zəruri hissəsi kimi həyata keçirilən və korporativ rifahın inkişafına məsul olan proqramlardır.

Hərtərəfli korporativ rifah və ya well-being – HR-ın işçilərin zehni və fiziki sağlamlığının hərtərəfli qayğısına yönəldilmiş müasir istiqamətlərindən biridir. Onun əsas vəzifəsi işçilərin məhsuldarlığını, o cümlədən işə qarşı marağını artırmaqdır.

Gallup araşdırmasına görə, rifahın əsas elementləri sağlamlıq, peşə inkişafı, maddi durum, sosial əlaqələr və ətraf mühitdir. Bu elementlər şirkətlərin korporativ rifahla əlaqəli strateji siyasətinin əsasını təşkil edir.

Tükənmənin qarşısını almaq üçün bir neçə alətdən istifadə etmək vacibdir:

– işçilərə psixoloji yardım göstərmək və onlar üzərində psixometrik müşahidə aparmaq: işçilər və onların ailələri üçün psixoloqlarla məsləhətləşmələr təşkil etmək;

– rahat şərait yaratmaq: iş yerinin erqonomikası, texniki avadanlıq, yemək üçün bonuslar, ətraf mühitin estetikası;

– sağlam həyat tərzinə dəstək: fitnes, işçilərin sağlam həyat tərzi mütəxəssisləri ilə məsləhətləşmələr təşkil etmək, könüllü tibbi sığorta proqramlarını işə salmaq;

– fərdi inkişaf: təlimlər, təhsil proqramları.

Deməli, işçinin beynində, orqanizmində və ailəsində hər şey qaydasındadırsa, o öz enerjisini bütünlüklə iş tapşırıqlarına yönəldə biləcək. Faydalar nəzərəçarpandır: hər bir işəgötürən təşəbbüskar və işinə böyük maraq göstərən işçilərə yüksək dəyər verir. Lakin zamanın tələblərini nəzərə alsaq, şirkətlər məşğulluq səviyyəsini özləri izləməli və işçilərin vəziyyətinə qayğı göstərməli olacaqlar.

Beləliklə, EAP proqramlarının tükənmənin qarşısını almaq və onunla mübarizə aparmaq üçün ən təsirli vasitə olduğu ortaya çıxır. Bu siyasət işçilərin davamlı streslə mübarizə aparmasına kömək edir, hansıki məhsuldarlığın azalmasına, motivasiya çatışmazlığına, fiziki və psixoloji xəstəliklərə səbəb olur. Və işçilərə qarşı qayğıkeş olmaq hər bir işəgötürənin marağında olmalıdır. Belə ki, biznesin səmərəliyi məhz bundan asılıdır.

Son xəbərlər
Oxşar xəbərlər