7 C
Baku
Sunday, December 15, 2024

İşçilərə ödənilən mükafatlar hansı hallarda əməkhaqqına daxil edilir?

Bir çox sahibkarlar, işəgötürənlər iş ili ərzində və ya iş ilinin sonunda işçilərinə həvəsləndirmə kimi pul mükafatları, hədiyyələr verir, bayram günlərində sovqat təqdim edirlər.

Banker.az xəbər verir ki, bu zaman sadalanan bütün ödənişlər mükafat sayılırmı? Qeyd olunan ödənişlərin hamısı əməkhaqqının tərkibinə daxildirmi? “vergiler.az”ın suallarına sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir:

Əmək Məcəlləsinin 157-ci maddəsinə əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Həmin maddənin 3-cü bəndində göstərilib ki, əməkhaqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

Əməkhaqqına əlavə – əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədilə işçinin tarif (vəzifə) maaşına, əməkhaqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat – əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədilə əməkhaqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Məcəlləyə əsasən, əməkhaqqının tərkibinə daxil olan gəlir növlərindən biri də mükafatlardır. Əmək Məcəlləsinin 157-ci maddəsinin 6-cı bəndində də mükafatların açıqlanması qeyd edilib. Beləliklə, mükafatın açıqlanması aşağıdakı kimi olacaq:

– Mükafatlar işəgötürən tərəfindən işçinin maddi marağının yüksəldilməsi üçün verilən ödənişlərdir;

– Mükafatların verilməsinin məqsədi əməyin həm kəmiyyət, həm də keyfiyyətinin yüksəldilməsidir;

– Mükafatların ödənilməsi işəgötürənin əməkhaqqı sistemində nəzərdə tutulmalıdır;

– Mükafatların verilməsi qaydaları müəyyənləşdirilməli, forması təyin edilməli və bütün bunlar əvvəlcədən işəgötürən tərəfindən tərtib və təsdiq olunmalıdır.

Göründüyü kimi, yuxarıdakı tələblərə cavab verməyən ödənişlər əməkhaqqının ödəniş sisteminə aid olan mükafat sayıla bilməz.

Bəs əməkhaqqının ödəniş sistemi dedikdə nə başa düşülür?

Bu sualın cavabı Əmək Məcəlləsinin 157.1-ci maddəsində açıqlanıb. Maddədən aydın olur ki, işəgötürən ən çox istifadə edilən işəmüzd və vaxtamuzd ödəniş sistemlərindən həm fərdi işçilər üçün ayrıca, həm də hamı üçün ümumi bir sistem tətbiq edə bilər.

Misal 1: “AA” MMC müəyyən qrup işçilər üçün vaxtamuzd sistemlə iş rejimi, digər qrup işçilər üçün isə işəmuzd sistemi tətbiq edə bilər. Bu, işçilərin görəcəkləri işin, əmək funksiyalarının fərqliliyinə görə müəyyənləşdirilir. Odur ki, mükafat anlayışının formalaşması üçün, ilk növbədə, işçiyə veriləcək belə bir gəlirin əməkhaqqının ödəniş sistemində müəyyən olunmasıdır.
Əməkhaqqı sistemi də işçi ilə bağlanılan əmək müqaviləsində qeyd olunur və həvəsləndirici kimi ödənilən pul vəsaiti həmin əmək müqaviləsində yazılmalıdır. Əgər əmək müqaviləsində yazılmamışdırsa, bu, artıq əməkhaqqının tərkibinə daxil olan mükafat anlamına gəlmir.

Misal 2: “AA” MMC işçi ilə bağladığı əmək müqaviləsində rüblük və illik olaraq əməkhaqqının 1 misli məbləğində mükafatın ödənilməsinə razılaşıb. Bu ödəniş əməkhaqqının tərkibinə daxil olan mükafat sayılır. Çünki əməkhaqqı sistemində, əmək müqaviləsində nəzərdə tutulub və işçi ilə razılaşdırılıb.

Misal 3: “AA” MMC ilə işçi arasında bağlanmış əmək müqaviləsində rüblük və illik olaraq şirkətdə fəaliyyətinin nəticələrinə əsasən əməkhaqqının 1 misli məbləğində mükafatın ödənilməsi razılaşdırılıb. Bu ödəniş əməkhaqqının tərkibinə daxil olan mükafat sayılır. Baxmayaraq ki, belə bir həvəsləndirici ödəniş şirkətin fəaliyyətinin nəticələrinə əsaslanıb, amma əmək müqaviləsində nəzərdə tutulduğundan, bu, mükafat sayılır.

Misal 4: Tutaq ki, işçiyə Yeni il bayramı ilə əlaqədar əməkhaqqının bir misli məbləğində mükafat verilib. Bu ödənişin əməkhaqqının tərkibinə daxil olan mükafat sayılması düzgün olmazdı. Çünki həvəsləndirici pul vəsaitinin ödənişi olsa da, bu, əmək müqaviləsində nəzərdə tutulmayıb. Onu ümumi olaraq mükafat kimi və ya pul vəsaiti şəklində ödənilən hədiyyə kimi adlandırmaq daha düzgün olardı.

Misal 5: “AA” MMC işçilərinə Qurban bayramı ilə əlaqədar pul formasında müəyyən məbləğdə vəsaitlər ödəyib. Belə bir vəsaitinin ödənilməsi əməkhaqqının tərkibinə daxil olan mükafat deyil.

Bu məsələlərdə mühasiblər, mütəxəssislər diqqətli olmalıdırlar. Çünki belə hallarda MDSS, işsizlikdən sığorta, icbari tibbi sığorta məsələlərində baza olaraq formalaşan məbləğlər üzrə tutulmalar, hesablamalarda fərqlər yaranır.

Son xəbərlər
Digər xəbərlər