7 C
Baku
Tuesday, January 21, 2025

İşçilərin və ya ştatların ixtisarı zamanı təminat məsələləri

Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq, işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Bəs Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əmək müqaviləsinə xitam verilərkən əlavə təminatlar necə tənzimlənir?

İnsan resursları və əməkhaqqı üzrə mütəxəssis Firəngiz Səmədova  bu sualları cavablandırıb:

İşçilərin sayı və ya ştatları ixtisar edilərkən istifadə edilməmiş bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzindən başqa, Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbinə əsasən, rəsmi xəbərdarlıq edilməli və işdən çıxarma müavinəti ödənilməlidir. Qeyd olunan maddənin 1-ci bəndinə əsasən, əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq, müəyyən edilmiş əmək stajından asılı olaraq, aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:

– bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;

– bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;

– beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;

– on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

Misal 1: İşçi “ABC” MMC-də cari ildə mütəxəssis vəzifəsində 6 aydır ki, çalışır. Lakin ümumi stajı 8 ildir və 2013 -2014-cü illər ərzində (2 il) bu müəssisədə işləyib, daha sonrakı illərdə başqa müəssisələrdə fəaliyyət göstərib. Son 6 ayda isə yenidən “ABC” MMC-də əmək fəaliyyətinə davam edib. Bu halda işçiyə xəbərdalıq müddəti nə qədər olmalıdır?

Qeyd olunan nümunədəki halda işçinin əmək müqaviləsinə ştatın ixtisarı ilə əlaqədar xitam verilərkən azı dörd təqvim həftəsi öncədən rəsmi xəbərdarlıq edilməlidir. Burada xəbərdarlıq müddəti üçün diqqət olunmalı məqam işçinin yalnız davam edən müqaviləsi üzrə stajı yox, həmin müəssisədəki ümumi stajının nəzərə alınmasıdır (2 il 6 ay).

Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən edilmiş əmək stajından asılı olaraq, aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:

– 1 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;

– 1 ildən 5 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;

– 5 ildən 10 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;

– 10 ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 2 misli miqdarında.

Həmin maddənin 4-cü bəndinə əsasən, işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı 2 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı 4 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı 6 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı 9 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda, xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.

Orta aylıq əməkhaqqının hesablanması qaydası Əmək Məcəlləsinin 177-ci maddəsində öz əksini tapıb. Həmin maddənin 2-ci və 3-cü bəndlərinə əsasən, orta əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində işçinin aldığı əməkhaqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölünməklə bir günlük əməkhaqqı tapılır və alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. 2 aydan az işləmiş işçilər üçün orta aylıq əməkhaqqı aşağıdakı qaydada hesablanır:

– İşçinin faktik işlənmiş günlər ərzində qazandığı əməkhaqqını həmin günlərə bölməklə bir günlük əməkhaqqı müəyyən edilir, alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərin sayına vurulur.

Misal 2: İşçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən noyabr ayında xitam veriləcək. Müəssisədəki ümumi stajı 2 il 6 aydır. Əməkdaşın oktyabr ayı üzrə əməkhaqqısı 1.200 manat, həmin ay üzrə iş günü sayı 23, sentyabr ayı üzrə əməkhaqqı 1.200 manat, həmin ay üzrə iş günü sayı isə 21-dir. Bu halda, orta aylıq əməkhaqqının hesablanması aşağıdakı qaydada icra ediləcək:

(1.200 + 1.200) : (23 + 21) = 54.55 manat;

54.55 x saxlanılan iş günü sayı x 1.4

İşdənçıxarma müavinəti hesablanan zaman orta aylıq əməkhaqqı müəyyən edilərkən saxlanılan iş günü olmadığı üçün praktikada bir neçə hal üzrə icra edilir. Bu hallara 2-ci misaldakı göstəricilər üzərindən baxaq:

1) Əvvəlki 2 ayın əməkhaqqı cəminin 2-yə bölünməsi yolu ilə:

(1.200 + 1.200) : 2 = 1.200 manat;

1.200 x 1.4 = 1.680 manat.

2) Vəzifə maaşının orta aylıq əməkhaqqı kimi qəbul edilməsi ilə:

1.200 x 1.4 = 1.680 manat.

3) Əvvəlki 2 ayın əməkhaqqı cəminin həmin aydakı iş günlərinin sayına bölünüb əməliyyat icra ediləcək ayın iş günlərinin sayına vurulması yolu ilə:

(1.200 + 1.200) : (21 + 23) = 54.55 manat;

54.55 x 19 = 1.036.45 manat.

Burada 19 gün noyabr ayı, yəni xitam əməliyyatının icra olunduğu ay üzrə iş günlərinin sayıdır.

1.036.45 x 1.4 = 1.451.03 manat.

Əlavə olaraq qeyd edək ki, orta aylıq əməkhaqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənişlərin siyahısı Nazirlər Kabinetinin 126 nömrəli qərarı ilə tənzimlənir.

Son xəbərlər
Digər xəbərlər