Koreya Respublikasının tanınmış avtomobil istehsalçısı “Kia Motors”un 2 zavodunun işçiləri arasında COVID-19 infeksiyasına yoluxmalar aşkarlandıqdan sonra həmin müəssisələrin fəaliyyəti dayandırılıb.
Yonhap agentliyinin xəbərinə görə, fəaliyyəti müvəqqəti dayandırılan zavodlar paytaxt Seulun cənubundakı Kvanqmyon şəhərində yerləşir. Bu iki zavodda ümumilikdə 9 nəfərin və 3 nəfər ailə üzvünün virusa yoluxduğu təsdiqlənib. Müəssisələrin təxminən 6 min işçisinə evdə qalmaq tövsiyə olunub. Müəssisələrin fəaliyyətini bərpa etməsi səhiyyə qurumlarının qərarından asılı olacaq.
Şirkətin açıqlamasında bildirilir ki, həmin zavodlarda “Kia”nın flaqman modeli olan K9, habelə “Stinger” idman avtomobili, “Carnival” minivanları və digər modellər istehsal olunur. Bu iki zavodun illik istehsal gücü 320 min avtomobildir. Şirkət ötən ay istehsalına başladığı tam yenilənmiş “Carnival” modeli üçün 40 min sifariş alıb. Ekspertlər zavodların dayanmasının istehsal planını yerinə yetirməyə mane olacağını güman edirlər.
Qeyd edək ki, “Kia Motors”un Koreyada 8, xaricdə isə 7 zavodu fəaliyyət göstərir. Onların üçü Çində, qalanları isə ABŞ, Slovakiya, Meksika və Hindistandadır. “Kia”nın bütün zavodlarının illik istehsal gücü 3,84 milyon avtomobildir.