İşçinin əmək hüquqlarını pozan hüquqi şəxs məsuliyyətə cəlb edilib.
Baş Prokurorluqdan “Banker.az”a verilən məlumata görə, “İMPULS-AR” MMC tərəfindən işçinin əmək hüquqlarının pozulmasına dair vətəndaş müraciəti əsasında Füzuli rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyinin tələbləri pozularaq işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunub.
Faktla bağlı “İMPULS-AR” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmə) maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə MMC 20 min manat məbləğində cərimə edilib.