Vergi Məcəlləsinin 98.5-ci maddəsinə əsasən, işəgötürən tərəfindən bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulmuş xərclərin çəkilməsinin nəticəsi kimi əldə edilən gəlir vergi tutulan gəlirə aid deyil.
Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov şərh edir.
Tutaq ki, işçi özəl müəssisədə çalışır və əməkhaqqı məbləği 700 manatdır. Əməkhaqqından əlavə ona gündəlik 5 manat yemək xərclərinin qarşılaması məqsədilə ödəniş verilir. Bu ödəniş işçinin gəlirinə aid edilərək vergi tutulmalıdırmı?
Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən, əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir.
İşçilərə yemək xərclərinin ödənilməsi bir neçə şəkildə baş verə bilər. Məsələn, müəssisə tərəfindən əməkhaqqından əlavə yemək xərclərinin qarşılanması ilə bağlı əlavə müəyyən məbləğdə ödəniş edə bilər. Və ya müəssisə tərəfindən pul şəkilində ödəniş edilmir, müəssisədə təchiz edilmiş yeməkxanada işçilər yeməklə təmin edilir. Və ya müəssisə razılaşdırılmış restoranlarda yemək yemək üçün işçilərinə kupon təqdim edə bilər ki, bu da yemək xərclərinin qarşılanmasının bir növüdür.
Göründüyü kimi, yuxarıda qeyd edilmiş üç halda da müəssisə işçilərin yemək xərclərini qarşılayır. Hər bir halda işçilərin yemək xərclərinin gəlirdən çıxılmasına icazə verilməsə də yemək xərclərinin əvəzinin birbaşa işçiyə ödənilməsi zamanı işçiyə ödənilmiş yemək xərclərinin əvəzi işçinin muzdlu işdən gəlirinə aid edilir və gəlir vergisinə cəlb edilir.
Qeyd edək ki, Vergi Məcəlləsinə görə əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir və bu xərclər müəssisənin mənfəəti hesabına qarşılanır.
Yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, zərərli işdə işləyən işcilərə verilən süd və ona bərabər tutulan digər məhsullara sərf olunan xərclərin və dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin gəlirdən cıxılmasına yol verilir.
Mənbə: Nüsrət Xəlilov: “Əmək qanunvericiliyi: testlər və praktik məsələlər toplusu” kitabı