10 C
Baku
Friday, October 25, 2024

İşğaldan azad edilmiş ərazilərdə kadastr işləri aparılır

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən işğaldan azad edilən torpaqlarda 2022-ci ilin aprel ayından etibarən yerquruluşu və torpaq kadastrı işləri aparılır.

Banker.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Cari ilin aprel ayından 26 sentyabr tarixinədək işğaldan azad edilmiş ərazilərdə aparılmış yerquruluşu işləri çərçivəsində Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında ümumilikdə 313577 ha ərazidə çöl ölçmə işləri icra olunub. Dağıdılmış yaşayış məskənləri, kənd təsərrüfatı təyinatlı torpaqlar, meşələr və digər təyinatlı torpaqların, o cümlədən onların hüdudları daxilində yerləşən bütün komponentlərin koordinatları çöl-ölçmə işləri zamanı Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən müasir cihazlarla təyin olunur. Ərazidə Global Positioning System (GPS) vasitəsilə çöl-ölçmə işlərini aparmaq üçün fasiləsiz fəaliyyət göstərən AzPOS stansiyalarına istinad edilir, naturada (yerdə) mövcud olan bütün növ daşınmaz əmlak qeydiyyata alınır.

Torpaq kadastrı işləri çərçivəsində torpaq və geobotaniki tədqiqatlar aparılaraq torpaqların iqtisadi qiymətləndirilməsi həyata keçirilir. 26 sentyabr tarixinədək Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları üzrə ümumilikdə 214 min ha-dan çox ərazidə çöl torpaq tədqiqatı, 244372 ha ərazidə çöl geobotaniki tədqiqatlar aparılıb, torpaq və bitki nümunələri götürülərək kimyəvi və aqrokimyəvi analizlərin aparılması üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin və Kənd Təsərrüfatı Nazirliyinin laboratoriyalarına verilib.

Kadastr işləri çərçivəsində həyata keçirilən çöl torpaq tədqiqatı ilə şorlaşma və şorakətləşmə, eroziyaya və digər təsirlər nəticəsində münbitliyi məhv olmuş torpaqlar təyin edilərək uçotu aparılır. Gələcəkdə münbit qatı məhv olunmuş torpaqlar bərpa edilərək yenidən kənd təsərrüfatı dövriyyəsinə qaytarılması məqsədilə rekultivasiya işlərinin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, torpaq və geobotaniki tədqiqatların nəticələri torpaqların vahid elektron kadastrı uçotu informasiya sisteminə daxil edilir. Tədqiqat işləri tam başa çatdıqdan sonra əldə edilən məlumatlar işğaldan əvvəlki tədqiqat məlumatları ilə müqayisə olunacaq. Bununla Azərbaycanın torpaq fonduna dəymiş ziyan, həmin torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri haqqında dəqiq məlumat əldə ediləcək.

Çöl ölçmə və tədqiqat işləri çərçivəsində əldə edilən bütün məlumatların vahid elektron bazaya (Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi) daxil edilməsi ilə dövlət torpaqlar üzərində nəzarəti gücləndirir və torpaqların səmərəli istifadəsini təşkil etməklə bu torpaqların təyinatına uyğun istifadə olunmasına şərait yaradacaq.

Son xəbərlər
Digər xəbərlər