Bu günə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dövlət proqramı çərçivəsində 16 milyard manatdan çox vəsait ayrılıb.
Bunu İqtisadiyyat Nazirliyinin Ərazilərin bərpası və inkişafı şöbəsinin müdiri Zamin Bədirxanov bildirib.
“Bu vəsaitin əsas hissəsi yolların və sosial infrastrukturun qurulması üçün nəzərdə tutulub. Bununla yanaşı, özəl sektorun da bərpa-quruculuq işlərində iştirakını dəstəkləyir və təşviq edirik. Hazırda həm dövlət-özəl tərəfdaşlığı, həm də birbaşa investisiya ilə bir sıra sahibkarlar həmin ərazilərdə fəaliyyət göstərir. Özəl sektora da 1 milyard manatdan çox vəsaitin ayırması nəzərdə tutulur ki, artıq bunun da müəyyən hissəsi yatırılıb. Məsələn, həmin ərazilərdə 2 sənaye parkında 2,7 mindən çox şəxsin işlə təmin edilməsi, bunun üçün 300 milyon manatdan çox investisiya yatırılması nəzərdə tutulur. Bu da nazirliyə təqdim edilmiş layihələr çərçivəsindədir. Cəbrayıl rayonunda BP şirkəti tərəfindən Günəş Elektrik Şəbəkəsinin (GES) tikintisini və “Neqsol Holdinq” tərəfindən bir sıra layihələrin də icrasını nəzərə alsaq, ümumilikdə 1 milyard manatdan çox investisiya yatırılacaq”, – deyə o qeyd edib.