9 C
Baku
Monday, November 18, 2024

İşğaldan azad olunmuş ərazilərdə Gürcüstan şirkətlərinin iştirakı müzakirə olunub

Tbilisidə keçirilən “Caspian Energy Investment Forum 2023” tədbirində Azərbaycanla Gürcüstan arasında potensial əməkdaşlıq imkanları, işğaldan azad olunmuş ərazilərdə Gürcüstan şirkətlərinin iştirakı müzakirə olunub.

Bu barədə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.

Forumda birgə investisiyaların yatırılması üzrə yeni təkliflər irəli sürülüb.

Hər iki ölkənin səfirlikləri tərəfindən dəstək göstərilən forumda dövlət qurumlarının, Gürcüstanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiyaların 200-dən çox nümayəndəsi, o cümlədən Xəzər-Qara dəniz regionu ölkələrinin dövlət və özəl şirkətlərinin idarəçiləri iştirak ediblər. Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Qeyd olunub ki, reallaşdırılan enerji və nəqliyyat layihələrində fəal iştirak etməklə Gürcüstan və Azərbaycan regional əməkdaşlığa töhfə verir.

AZPROMO-nun icraçı direktorunun müşaviri Şəbnəm Allahverdiyeva Agentliyin fəaliyyət istiqamətləri, AZPROMO-nun Gürcüstandan olan müvafiq qurumlarla uğurlu əməkdaşlıq etdiyini və bu əməkdaşlıq çərçivəsində bir sıra sənədlərin imzalandığını diqqətə çatdırıb. Bildirilib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə enerji sektorunda, xüsusilə də bərpa olunan enerji sahəsində əməkdaşlıq üçün geniş imkanlar var.

Forum çərçivəsində “Caspian Energy Turkey” və “Caspian Energy Georgia”nın sədrləri Süleyman Məcidli və Natiq Məmmədov, həmçinin Gürcüstan hökumətinin nümayəndələri tərəfindən bərpa olunan enerji mənbələri üzrə birgə layihələrin həyata keçirilməsinin, iki ölkənin şirkətləri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Son xəbərlər
Digər xəbərlər