Yəqin ki, çox az sayda müştəri bankdan kredit əldə edərkən qəfil olaraq işini itirdiyi, yaxud xəstələndiyi təqdirdə işləyə bilməyəcəyi və borc içində qalacağı halda krediti necə ödəyəcəyi barədə düşünür. Belə bir vəziyyət müştərinin həddindən artıq böyük problemlərlə qarşılaşmasına səbəb ola bilər. Bəs belə bir vəziyyətdə nə etmək lazımdır?
İşini itirmiş borcalanın atmalı olduğu ilk addım kreditora yaranmış vəziyyət ilə bağlı məlumat verməkdir. Təbii olaraq, borcalanın öz daimi iş yerini itirməsi bank üçün də sərfəli deyil. Üstəlik cərimələrin həcmi də burada böyük rola sahibdir. Bu səbəbdən də mütəxəssislər belə bir vəziyyət yarandıqda dərhal banka məlumat verməyi məsləhət görürlər. İş yerini itirmiş və çox minlik borca sahib olan borcalanlar bankdan gizlənməyi və kredit üzrə ödənişləri həyata keçirməməyi üstün tutur. Onlar belə düşünür ki, bank bu borcları unudacaq və hər şey öz yoluna düşəcək. Lakin bunun əvəzində dərhal banka yaxınlaşmaq lazımdır.
Beləliklə, işini itirmiş borcalan banka yaxınlaşaraq kredit tətili əldə etməyi xahiş edə bilər. Adətən kredit tətili 12 aylıq nəzərdə tutulur. Kredit tətili verildiyi halda borcalan kredit üzrə ödənişlərdən tamamilə azad olunur və yaxud yalnızca kredit üzrə faizləri ödəyir. Kredit tətilinin mahiyyəti ondan ibarətdir ki, həmin müddət ərzində borcalana yeni iş tapmaq üçün müəyyən şans verilir.
Bundan əlavə, borcalan banka müraciət edərək kreditin restrukturizasiyasını tələb edə bilər. Kredit üzrə restrukturizasiya kredit müqaviləsində müəyyən dəyişikliklərin edilməsini, daha doğrusu yeni kredit müqaviləsinin imzalanmasını nəzərdə tutur. Burada həmçinin kreditləşmənin şərtlərində, borcun ödənməsi tarixində və faiz dərəcəsinin həcmində dəyişiklik edilə bilər.
Qeyd edək ki, kreditin restrukturizasiyası kredit tarixçənizi korlanmaqdan qorumaq üçün ən yaxşı üsullardan biridir.
Bəs müştərinin adına ipoteka krediti olduqda və o işini itirdikdə nə etmək lazımdır? Bu zaman borcalanın ata biləcəyi addım ipotekada olan mənzilin satılması və əldə edilən məbləğlə borcun ödənməsidir. Əgər mənzilin satılması borcalanı qane etmirsə mənzili kirayə verərək yenə də əldə edilən məbləğə kredit borcunu ödəmək mümkündür. Qaydalara əsasən, mənzili kirayəyə verərkən bankın razılığını əldə etmək mümkündür. Lakin bu məsələ Azərbaycanda real hadisə kimi görünmür. Belə ki, bankın bu məsələyə cavab verməsi uzun müddət tələb edə bilər və bank cavab verdikdə belə bu cəhdinizə razılaşmaya bilər.