-1 C
Baku
Sunday, December 15, 2024

İşləmək üçün şirkət seçərkən mütləq şəkildə buna diqqət yetirmək lazımdır

Fəxri Ağayev yazır…

Fərqli yaş kateqoriyalarından olan insanları “Doğru təcrübə toplamaq üçün şirkəti necə seçim?” sualının cavabı çox maraqlandırır. Bu məqalədə həmin sualın cavabını geniş şəkildə izah edəcəyəm.

Əvvəlcə bunu deyim ki, şərti və çox ümumi olaraq Azərbaycanda şirkətləri təcrübə toplamaq baxımından üç hissəyə bölmək olar: insanı istismar edən, insanı korlayan və insanı yetişdirən.

İstismar edən, korlayan və ya yetişdirən olması şirkətin daxili ab-havasına bağlıdır.

İstismar edən aydındır – haqqınızı verəcək, amma maksimum işlədəcək. Başqa heç nə verməyəcək. Şirkəti sizin bugünkü bilik səviyyəniz qane edir. Amma 10 il keçəcək, sizin yerinizə daha az maaşla birini gətirəcəklər. Siz də bazardan 10 il geri qalan, ancaq bir şirkətə bağlı adam olacaqsınız. Misal üçün, şəxsən tanıdığım onlarla şirkət var ki, 15 il öncə də, bu gün də işləri düz bir xətt üzərində gedir, satışları yüksəkdir və hansısa sıçrayışa ehtiyacı yoxdur.

O firmada işləyən və eyni işləri etmələrinə rəğmən, özlərini 15 illik təcrübəsi olan insan kimi görən mühasib, xəzinədar, satış heyəti şərtlərdən narazıdırlar – axı onların 15 illik təcrübələri var. Rəhbərlərlə ünsiyyətdə bu narazılıq özünü büruzə verir və əvvəlcə uzun illər onunla işləyən insanlara anlayışla davranaraq, maaş artımları edən rəhbər bir gün özünə sual verir:

“Bu adamın 37 yaşı var. Bu günün tələblərinə cavab vermir. Maaşı çox yüksəkdir. Həm də narazıdır. Onun işini daha həvəslə görəcək bir gənci daha az maaşla işə götürə bilərəm”.

“Təcrübəli” insanın karyerası burada bitir.

İnsanı korlayan – daxili ab-havası çirkin olan firmalardır: dedi-qoduçular, qruplaşmalar, tələlər, psixoloji təsirlər və təzyiqlər. Bu şirkətin rəhbəri ya çox zəifdir ki, insanlar bu tərzdə davranırlar, ya da qorxduğuna görə bölür və hökm edir. Belə firmada işləyən insanın inkişafa vaxtı yoxdur – onun həyatı müharibəyə çevrilir.

Peşəkar baxımdan səthi məlumatlar alır, amma siyasi oyunçuya çevrilir. 35 yaşına qədər belə şirkətdə işləyən insan özü də fərqində olmadan peşəkar oyunçu olur – hər sözdə məna axtarır, insanların arxasınca oyunlar çevirir, daim zərbələr gözləyir və ona görə də özü önləyici zərbələr vurur. Həyatı isə daim stress doludur.

Azərbaycan böyük ölkə deyil. İş dünyasında hər kəs kimin kim olduğunu yaxşı bilir. Belə bir şirkətdə 15 il işləyən bir insanın digər şirkətlərdə iş tapma ehtimalı azdır – onun 15 il ərzində hansı “bilik və təcrübələri” topladığını hər kəs bilir və heç kim belə oyunçu və tələquranı komandasına daxil etmək istəməz. Oyunçunun karyerası burada bitir.

İnsanı yetişdirən şirkətlər Azərbaycanda azdır, amma var. Bu şirkətdə işləyən insan illər keçdikcə peşəkar baxımdan inkişaf edir. Mənəvi və psixoloji rahatlığı var. Təzyiqlər ancaq peşəkar baxımdandır – rəqəmlər, nəticələr, işlərin bitmə müddətləri.

Firma daxilində komanda anlayışı var və müzakirələr mübahisələrə, peşəkar mövzular isə şəxsi münaqişələrə keçmir. Rəhbər insanların səhvlərinə qarşı anlayışlıdır və bunu onlarla birlikdə müzakirə edir. Məsuliyyətlə bərabər, sərbəstlik və səlahiyyətlər də verilir.

Bir-birindən nə qədər köklü şəkildə fərqli görünsələr də, belə şirkətləri birləşdirən ortaq bir məqam var – RƏHBƏRLƏRİ. Bu firmaların hər birinin necə olmasına, daxilindəki ab-havasına, insanların biri-biri ilə ünsiyyət keyfiyyətinə birbaşa rəhbər təsir edir.

Buna görə də mənim hər kəsə təcrübə və peşəkar inkişaf baxımından məsləhətim budur – işləmək üçün şirkət seçərkən MÜTLƏQ şəkildə rəhbərin kim və necə insan, idarəçi olduğuna diqqət edin. Bu, ən həlledici məqamdır.

Sərt, tələbkar, intizamlı insanlardan çəkinməyin – böyük ehtimalla, məhz belə insanlar ədalətli, dürüst, insanlara işi öyrədən və onlara şans verənlər, onlara sistemin nə olduğunu, doğru nümunələrlə və davranışları, şəxsi keyfiyyətləri, dəyərləri ilə işi və peşəkar həyatı öyrədənlərdir.

Şirkət seçimi və yetişdirmə mövzusunda başqa mühüm məqamı da qeyd etməliyəm – peşəkar “yetişdirmək” sözünü Azərbaycanda insanlar doğru anlamırlar. Qlamur mənada qəbul edilir: “mən şirkətə gedirəm, hər gün universitetdə, dərsdəki kimi otururam, mənə başa salırlar. Liderlik insanlarla ədalətli olmaqdır. Mən də yazıram – liderlik. Bir il mənə dərs keçirlər. Sonra mənə direktor olmağa imkan verirlər”.

Səhv düşüncədir. Çəhrayı eynəyi gözlərinizdən çıxarın. İnsanın yetişməsi əsla və əsla bu qədər rahat və asan olmur. Bəli, bəzi məqamlar var ki, onları dərs keçəcək kimi öyrədirlər – amma bu, ən yaxşı ehtimalda işin 10 faizidir. Yerdə qalan 90 faiz isə zəhmət, intizam, insanın özünün üzərində işləməsi, komfort zonasını zorlaması sayəsində olur.

Yuxarıda qeyd edilən üç növ şirkətlə bağlı isə mühüm iki məqamı da vurğulamaq istəyirəm:

Məqam 1. İlk iki şirkət – istismar edən və korlayanlar daim bu üçüncüdən adam oğurlayır…

Məqam 2. Təcrübəm göstərir ki, insanlar yetişdirən şirkətlərin qədrini bilmirlər və ilk ikisinə yollanırlar.

Səbəbi barədə isə növbəti yazımda danışacağam.

©Oxu.az

Son xəbərlər
Digər xəbərlər