Bir vaxtlar bir çox dünya ölkələrini birləşdirən İslam dini bu gün həmin missiyanı yerinə yetirə bilmir. Konkret olaraq, bu gün İslam birliyi, İslam ölkələri birliyi yalnız bu ad altında birləşən beynəlxalq təşkilatların adı kimi hallanır. Yaxın 10, 30 hətta 50 il ərzində həqiqi və real İslam birliyinin olma ehtimalı 1% belə deyil.
Əsas səbəbləri:
– Orta əsrlərdə din millət və dövlət dəyərlərinin üzərində olduğu üçün millətləri və dövlətləri asanlıqla öz çətiri altında birləşdirə bilirdi. Bu gün belə deyil. Həm milli maraqlar daha üstün mövqeyə ucalmış, həm də iqtisadi sahələrdə rəqabət dövlətləri iqtisadi mənafe ətrafında (əslində baş verən demək olar ki, bütün hadisələrin əsas drayveri budur) birləşdirdiyi üçün dövlət mənafeyi daha üstün mərtəbəyə qalxşmışdır;
– Elm və texnologiya orta əsrlərlə müqayisəolunmaz dərəcədə yüksək inkişaf etmişdir;
– İsrail dövləti yarandıqdan sonra formalaşdırılmış yeganə düşmən obrazı və bu düşmənə qarşı mübarizədə islam dövlətlərinin birləşməsi məsələsi də iflasa uğramışdır. Çünki, bu hərəkatı başlayan və öndə olan böyük müsəlman dövlətləri (Səudiyyə Ərəbistanı, Misir, Suriya, BƏƏ, Küveyt və sair) öz gücsüzlüklərini, texnoloji sahələrə, dünya maliyyə sisteminə inteqrasiya olmadan və investisiya cəlb etmədən inkişafın qeyri-mümkün olduğunu qısa zamanda anladılar. İsrail ilə soyuq və ya birbaşa müharibə isə bu inteqrasiya və investisiya imkanlarını minimuma endirirdi;
– Hər bir müsəlman dövlətinin iqtisadi inkişaf səviyyəsi bir-birindən çox fərqlənir.
Bu siyahını artırmaq da olar. Lakin, əsas məsələ bu deyil. Ölkəmizi də yaxından maraqlandıran əsas məsələ, bəzi müsəlman dövlətlərinin, xüsusilə Livan, Suriya və bir neçə ərəb dövlətlərinin (o cümlədən qonşu İran) İsraillə birbaşa toqquşmaların zərərlərini və qalib gəlməyin mümkün olmayacağını görərək taktikanı son 40-50 il ərzində dəyişmələridir. Livan İran dəstəkli Hizbullahın öz ölkəsində formalaşması və güclənməsinə göz yumur, Suriya, İran və digər bir neçə ərəb dövləti İsrail və yəhudi lobbisinə qarşı erməni lobbisindən istifadə etmək üçün müxtəlif ölkələrdə erməni diaspor təşkilatları ilə sıx əməkdaşlıq edirlər. Erməni lobbisi isə ən güclü rəqibi olan yəhudi lobbisinə qarşı mübarizə aparmaq məqsədilə qeyd etdiyim müsəlman ölkələrinin neft pullarından çox faydalanıb. Burada ən fəal müsəlman dövləti isə əlbəttə Fələstin olmuşdur. Fələstin həm İsraillə birbaşa toqquşmaları davam etdirir, həm də erməni lobbisi və diaspor təşkilatlarını maliyyələşdirməklə, dəstəkləməklə (“erməni genosidi”ni tanımışdır, hətta əlindən gəldiyi qədər təbliğ edir, Yasser Arafatın ən yaxın dostlarından biri erməni katalikosu olmuşdur və sair) yəhudi lobbisinə qarşı fəaliyyət göstərir, öz mənafelərini erməni lobbisi vasitəsilə yeritməyə çalışır. Qeyd edim ki, Malayziya və digər Şərqi Asiya müsəlman ölkələri bu məsələlərdən uzaqdırlar. Körfəz dövlətlərində isə vəziyyət nisbətən fərqlidir. Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ, Bəhreyn ermənilərlə müəyyən isti münasibətlər qursalar da, bu münasibətlər Livan, Suriya, Fələstin səviyyələrində deyil. Yəni, ermənilərdən yəhudi lobbisinə qarşı mübarizədə deyil, ABŞ-da öz maliyyə maraqlarını qorumaq üçün (iqtisadi mənafe) daha çox istifadə edirlər. Ermənilər də bu əlaqələrdən öz pullarını qazanırlar.
Körfəz dövlətlərinin qeyd etdiyim məsələlərlə bağlı ehtiyatlı mövqe sərgiləməyə vadar edən əsas məsələlərdən biri də BƏƏ başda olmaqla həmin dövlətlərin ABŞ və Britaniyanın güclü neft və maliyyə dairələri ilə sıx əlaqələridir ki, həmin dairələrin də aparıcı qüvvələri yəhudilərdir. Bu gün təqdirəlayiqdir ki, İsraillə ən çox yaxınlaşma siyasəti yürüdən ərəb ölkələri məhz körfəz ölkələridir (Yaxın Şərqin qaynar qazanından və radikal islamdan uzaq Şərqi Asiya müsəlman dövlətləri istisnadır. Onlar həmişə normal münasibətlər sərgiləmiş, toqquşma və düşmənçilik prinsiplərindən kənarda duraraq öz iqtisadi inkişafları haqqında düşünmüşlər). Təsadüfi deyil ki, bu ay dərc olunan The Economist jurnalının üz qabığı da ““Körfəzdə bum (sürətli iqtisadi böyümə) vaxtı” dünyadakı çaxnaşmanın qalibləri” başlığı ilə dərc olunmuşdur. Üz qabığında Dubay, səhraya tökülmüş qızıl sikkələr, hər birinin üzərində bir ərəb olan 2 dəvə, Dubayın üzərinə isə günəşin çıxması təsvir olunub. ABŞ və Britaniyanın olmadığı hər hansı bir təşkilata qoşulmayan körfəz dövlətləri üçün siyasi sabitlik, iqtisadi böyümə və inkişaf mesajı verilir. Bu müsəlman dövlətlərinin siyasi və iqtisadi yolları da digər müsəlman və ərəb dövlətlərindən fərqlidir.
Qarşıdakı 2 il ərzində dünyada gözlənilən ciddi təlatümlərdən (təkcə iqtisadi deyil) qazanaraq çıxacaq müsəlman dövlətləri siyahısına Özbəkistan və Qazaxıstanı daha böyük əminliklə əlavə etmək olar. Qırğızıstan və Türkmənistanın da şansı çoxdur, lakin eyni sözü Tacikistan haqqında demək çətindir. Hər bir halda, yüksələn Orta Asiyadan Tacikistan da öz mənfəətini müəyyən dərəcədə götürə bilər. Xüsusilə, Özbəkistan və Qazaxıstanın (2022-ci ildən etibarən Qırğızıstan da bu siyahıya qoşulmağa can atır) aktiv siyasi mövqelər sərgiləmələri, iqtisadi inkişaf üçün real addım atmaları, cızılan Yol Xəritələri, potensialların təhlili bu ehtimalı daha da gücləndirir.
Müsəlman dövlətləri arasında ən fəal, hərbi cəhətdən ən güclü ölkə olan Türkiyə həm də dünya siyasi səhnəsində ciddi rəğbət və nüfuz qazanmışdır. İncə, sülhpərvər, eyni zamanda çox riskli siyasət yürüdən Türkiyəni hələlik hər hansı bir dövlətin əvəz edə bilmə imkanı demək olar ki, yoxdur. Amma, iqtisadi risklərin yumşaldılması, iqtisadi və maliyyə vəziyyətinin sürətlə yaxşılaşdırılmasına və iqtisadi problemlərin həllinə ciddi ehtiyac vardır.
Şanxay Əməkdaşlıq Təşkilatı ilə bağlı bir neçə kəlmə. Bu təşkilat haqqında bir çox təhlillərdə incə və vacib nüansların (hamısına toxunmaq mümkün deyil) nəzərə alınmaması və səthi təhlillər birtərəfli və subyektiv fikir yaradır. Əvvəla, 2001-ci ildə yaradılmış bu Təşkilata 2005-ci ildə ABŞ müşahidəçi üzv statusu ilə üzv olmaq niyyətini bildirsə də, qəbul olunmamışdır. Eyni ildə Türkiyə də üzvlüklə bağlı müraciət etmiş, lakin rədd edilməsə də, konkret münasibət bildirilməmişdir. 2009-cu ildə Türkiyə öz niyyətini yenidən bəyan etmiş, Təşkilatın bir çox üzvləri ilə münasiblətlər daha da aktivləşdirilmişdir. Bu Təşkilat sırf iqtisadi əməkdaşlıq məqsədilə yaranan təşkilat deyil (baxmayaraq ki, bir çox təhlillərdə bu vurğulanır). Bu Təşkilat daha çox kollektiv təhlükəsizlik, terrorizmə qarşı birgə mübarizə məqsədilə yaradılmışdır. Sonradan iqtisadi əməkdaşlıq və əlaqələr də prioritetə çevrilmişdir. Amma acı həqiqət də budur ki, Təşkilatın öz üzvləri arasında hətta qanlı toqquşmalar da olmuşdur. Demək olar ki, bütün üzv ölkələrin arasında müəyyən məsələlərdə ciddi fikir ayrılıqları mövcuddur. Türkiyənin bu Təşkilata üzvlük məsələsində əsas mane olan amil kimi NATO üzvü olması vurğulansa da, qardaş Türkiyənin bu Təşkilata üzv olmaq xatirinə NATO-dan imtina etməsi inandırıcı deyil. Türkiyə kimi dərin bir dövlət düzəldilməsi çətin olacaq belə bir strateji səhvə yol verməz. Çoxları bu Təşkilatı ABŞ və Qərbə qarşı bir Təşkilat görmək istəyir. Amma hamı çox gözəl bilir ki, bu Təşkilatın Qərblə (o cümlədən ABŞ) iqtisadi əməkdaşlığı zəiflətmək və ya qarşıdurmaya getməklə iqtisadi əməkdaşlıq imkanları və şansları demək olar ki, bir çox ciddi səbəblərdən minimumdur.
Qafqaz əvvəl-axır sabitlik yoluna qədəm qoyacaq. Amma bunun qan tökülərək yoxsa qan tökülmədən həyata keçəcəyi daha çox Ermənistanın mövcud vəziyyət və reallıqları dərk edərək konstruktiv mövqe sərgiləməsindən asılıdır. Bir həqiqət vardır ki, 2 dəfə müharibə variantını seçən (44 günlük və 13-14 sentyabrda 1 günlük) Ermənistan ciddi itkilərə məruz qalmışdır. Dəfələrlə fikir bildirdiyim üçün təkrara yol vermədən qeyd edim ki, müxtəlif istiqamətlərdən güclü təzyiq altında olan Paşinyanın öz xalqına sülh müqaviləsi imzalamaqdan başqa yolun olmadığını qan axıtmadan isbat etməyə çalışması öz səmərəsini verməsə, yenə hərtərəfli itkilərlə (bu dəfə daha böyük) üz-üzə qalacaqlar. Ermənilərin sürüşkən, qeyri-müəyyən, bəzən də xislətlərinə uyğun hiyləgər siyasət sərgiləmələri hadisələrin gedişini yubada bilər, lakin qarşısını ala bilməyib və ala bilməyəcək.
Nəticə etibarı ilə, qeyd edə bilərik ki, formal olaraq səsləndirilən müsəlman birliyi ifadəsi təəssüf ki, bir çox hallarda bəzi müsəlman ölkələrinin bir-birlərinə xeyirlərindən daha çox, zərbələri ilə gündəmə gəlməkdədir. Bu səbəbdən yuxarıda qeyd etdiyim kimi, dövlətçilik və iqtisadi mənafeninin ali prioritetə çevrildiyi 21-ci əsrdə ölkəmizin strateji müttəfiqləri, dostları bəllidir. Bu müttəfiq, dost ölkələrin siyahısı ölkəmizin ərazi bütövlüyünə, dövlətçilik və iqtisadi mənafelərinə hörmət edən hər bir ölkə hesabına bundan sonra da genişlənəcək.
Müəllif:Elman Sadıqov İqtisadçı-ekspert