11 C
Baku
Monday, November 25, 2024

İslam İnkişaf Bankı Qarabağda ilk layihə üçün 97 mln. ABŞ dolları kredit ayırır

İslam İnkişaf Bankı (IDB) Azərbaycanda “Qız Qalası su anbarından (Şərqi Zəngəzur regionu) magistral suvarma kanalının tikintisi” layihəsi üçün 97 milyon ABŞ dolları məbləğində kredit ayırıb.

Bunu Bankın prezidenti Məhəmməd Əl-Casir BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində jurnalistlərə bildirib.

“İslam İnkişaf Bankı olaraq, Qarabağda ilk krediti – təxminən 1,6 milyon insana xidmət edəcək magistral suvarma kanalının yaradılması layihəsinə ayırdığımız üçün çox qürur duyuruq. Bu layihə regionun abadlığı üçün çox vacibdir”, – o vurğulayıb.

Onun sözlərinə görə, suvarma kanalının uzunluğu 52 kilometr olacaq.

“Bu layihə Qarabağı dəyişəcək və mən bu bölgəni ziyarət etmək imkanını səbirsizliklə gözləyirəm”, – o vurğulayıb.

Bankın prezidenti qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə o, dövlət başçısına IDB-nin Azərbaycanda əməliyyatlarını genişləndirməyi planlaşdırdığını bildirib.

“Maliyyələşdirə biləcəyimiz layihələrin sayını artırmaq potensialımız var. İslam İnkişaf Bankı ilə Azərbaycan arasında iqtisadiyyatın bir çox sahələrində əlaqələrin genişlənəcəyinə ümid edirik. Biz çox pozitiv əhvali-ruhiyyədəyik. Azərbaycanda yeni mühüm layihələri səbirsizliklə gözləyirik”, – M. Əl-Casir vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər