9 C
Baku
Friday, December 13, 2024

İslam maliyyə sistemi qarşısında duran əsas baryerlər

Müəllif: Sahib Əfəndiyev, CIMA Cert BA

İslam Maliyyə Sistemi qlobal maliyyə böhranına rəğmən 15-20% kimi analoqu olmayan templərlə inkişaf edir. Hal-hazırda 500-dən çox maliyyə institutu İslam prinsipləri əsasında fəaliyyət göstərir və İslam Maliyyəsi prinsipləri ilə idarə olunan bütün aktivlərin həcmi qlobal miqyasda 1 trilyon dolları keçib . Bəzi iqtisadçılar İslam Maliyyə Sisteminin dinamik artım tempini neft qiymətlərinin yüksək səviyyəsi nəticəsində nağd vəsaitlərin ərəb dövlətlərinə axını ilə əlaqələnirir. Zənnimcə bu fikir yalnız qismən doğrudur və tam deyil.

İslam Maliyyə Sisteminin dinamik inkişafı daha çox ənənəvi bankların xidmətlərindən yararlana bilməyən və ya yararlanmaq istəməyən müsəlmanların dindar qisminin artımı ilə əlaqəlidir. Məhz bu faktor və İslam Maliyyə İnstitutlarının böhrana qarşı davamlılığı ənənəvi bankların şəriət prinsiplərinə uyğun fəaliyyət göstərən filiallar, bölmələr yaratması tendensiyasını daha da sürətləndirdi. Bu da özlüyündə İslam Maliyyəsi üçün qlobal miqyaslı təbliğat rolunu oynadı. İslam Banklarının fəaliyyətinin spesifikası onları ənənəvi maliyyə sistemindən mümkün qədər təcrid etdiyi üçün bu institutlar böhranın təsirinə elə də çox məruz qalmadılar. Buna görə də İslam Maliyyə Sistemi artıq qlobal tendensiya xarakteri daşıyır və bu qloballaşmadan yayınmaq doğru olmazdı. Lakin bütün bunlarla yanaşı İslam Maliyyə Sisteminin qloballaşması yolu qarşısında böyük baryerlər də var.

İslam Maliyyə Sisteminin qlobal miqyasda qarşısında duran ən böyük problem dövlətlərin qanunvericiliyidir. Hal-hazırda yalnız İran və Sudan Respublikalarının bank sisteminə dair qanunları tam İslam qaydalarına əsaslanır. Ərəb dövlətləri ənənəvi bankların öz ərazilərində fəaliyyətinə icazə versələr də, yerli əhali yalnız İslam Banklarının xidmətlərindən istifadə edir. Bu da həmin xalqların əhalisinin digər İslam ölkələrinin xalqlarına nisbətdə daha çox dindar olması ilə izah olunur. Bu dövlətlər İslam Bankları haqqında ayrıca qanun qəbul edib. İslam Bankları haqqında qanunvericiliyin olmadığı dövlətlərdə isə bu maliyyə institutlarının fəaliyyəti böyük problemlərlə üzləşir. Bunları nəzərə alaraq bu tip bankçılığın fəaliyyətində maraqlı olan dövlətlər yalnız bu institutların fəaliyyətinə icazə verən qanunların qəbul olunması ilə kifayətlənmir, həm də stimullaşdırma məqsədilə vergi qanunvericiliyində də müəyyən dəyişikliklər edirlər.

Məlumdur ki, dövlətlərin əksəriyyətində mövcud vergi qanunvericiliyinə əsasən depozitlərə və digər cəlb olunan vəsaitlərə görə ödənilən faizlər faiz xərci kimi mənfəətdən çıxılır və vergiyə cəlb olunmur (tax deductible).Amma İslam Banklarının investisiya hesabları üzrə qəbul olunmuş depozitlərə görə ödədiyi məbləğlər də vergiyə cəlb olunur, çünki onlar faizlə borc götürə bilməzlər. Beləliklə ənənəvi banklar leverec imkanından yararlana bilir, buna görə də daha mənfəətli olurlar. Lakin artıq İngiltərədə İslam Banklarının vergi yükünü azaltmaq üçün vergi qanunvericiliyində investisiya hesabları üzrə cəlb olunmuş vəsaitlər ənənəvi bank depozitləri üzrə ödənilən faizlər kimi vergidən azad olunmaq yolundadır. Bu da İslam Banklarının mənfəətinin artımına səbəb olacaq. Həmçinin bu dəyişiklik İslam istiqrazları hesab edilən Sukuklara da şamil olunacaq ki, bu da öz növbəsində İngiltərədə Sukuk emissiyasını daha da stimullaşdıracaq və genişləndirəcək. Türkiyə də analoji addımları atmaq niyyətindədir və bu proses artıq başlayıb.

İslam Maliyyə Sisteminin qarşısında duran digər bir baryer insan kapitalı ilə əlaqəlidir. Ümumiyyətlə qlobal miqyasda İslam Maliyyəsi üzrə biliklərə və bacarıqlara malik mütəxəssislər ənənəvi maliyyəyə sahəsi ilə nisbətdə azdır. Bu çatışmazlığı aradan qaldırmaq üçün universitetlər, professional dərəcələr təklif edən institutlar son zamanlar İslam Maliyyəsi/ Bankçılığı/ Sığortası üzrə elmi dərəcəli akademik proqramlar, beynəlxalq kvalifikasiyalar yaradırlar.

Şəriət konvergensiyası İslam Maliyyə Sisteminin genişlənməsi qarşısında duran növbəti böyük baryerdir. İslam Bankçılğı üçün hələ də vahid beynəlxalq standartlar müəyyən olunmayıb. Baxmayaraq ki, İslam Maliyyə İnstitutları (İMİ) üçün mühasibatlıq və audit standartlarını, kapital adekvatlığı direktivlərini müəyyənləşdirən AAOIFI (Accounting and Auditing Organisation for Islamic Financial Institutions) və IFSB (Islamic Financial Services Board) kimi təşkilatlar var, lakin bu standartlar hələ də bütün  İMİ üçün məcburi xarakter daşımır. Çünki müxtəlif məzhəblərin müxtəlif maliyyə alətlərinə (maliyyələşmə üsullarına) baxışları müxtəlifdir. Bu da təbii olaraq vahid standartların yaranmasına maneçilik törədir. Fiqhi müxtəliflik xüsusilə də Malayziya və Ərəb dövlətləri arasında müşahidə olunur.

Malayziya üçün halal hesab edilən Bai Al Dayn (borcun üçüncü bir tərəfə satılması) və Bai Al İnah ərəb dövlətlərində haram hesab edilir .Qeyd edək ki, Malayziyada Bai Al Dayn əsasında borcu təmsil edən (debt based) sukuklar (İslam istiqrazları) təkrar bazarda rahatlıqla tranzaksiya olunur. Lakin AAOIFI (Accounting and Auditing Organisation for Islamic Financial Institutions) öz müvafiq standartında borcu təmsil edən (debt based) sukukların  təkrar fond bazarında tranzaksiyasını haram hesab edir. Bu standarta görə yalnız payı təmsil edən (equity based) sukukların təkrar bazarda tranzaksiyası mümkündür. Digər bir böyük fərq Malayziyada İslam banklarının cari hesablara görə hədiyyə adı altında ödəniş etməsidir. Lakin ərəb dövlətlərində bu haram hesab olunur. Çünki cari hesablar (tələb depozitləri) borcu təmsil edir və Məhəmməd peyğəmbərin də dediyi kimi borcda hər bir artım, fayda ribadır .Ona görə yalnız investisiya hesabları üzrə mənfəət və zərərin bölüşdürülməsi prinsipi ilə ödəniş etmək olar. Malayziyada isə şəriət alimləri bunu əvvəlcədən sabit bir faiz təklif olunmadığı və əlavə ödənişə bank tərəfindən təminat verilmədiyi üçün halal hesab edir.

Lakin fərqlilik yalnız ərəb dövlətləri və Malayziya arasında deyil, hətta ərəb dövlətlərinin öz daxilində də müşahidə olunmaqdadır. Bir alim üçün haram hesab edilən maliyyə aləti digəri üçün halaldır. Burada mənfəət və zərərin bölüşdürülməsinə yanaşmadan tutmuş ixtilaflı Tavarruq alətinə qədər müxtəlif alimlərin müxtəlif rəyi var. Bu məsələdə alimlərin iqtisadiyyat və maliyyə biliklərinin yetəri səviyyədə olmaması da həlledici rol oynayır. Amma bu sahədə Pakistan Mərkəzi bankı ilahiyyatçıların maliyyə treninqlərini təşkil edərək maraqlı və önəmli addım atıb. Belə addımlar digər dövlətlərdən də gözlənilir.

Həmçinin standartlar, qanunvericilik və insan kapitalı ilə əlaqəli problemlərlə yanaşı İslam Maliyyə Sistemində ənənəvi maliyyə sistemində olan bir sıra maliyyə alətləri və məhsullarına alternativlərin və ekvivalent alətlərin olmaması strateji planda və ya növbəti onillikdə İslam Maliyyəsinin indiki artım tempini və diversifikasiya imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər. Xüsusilə də yaxın gələcəkdə dünya iqtisadiyyatı və maliyyə bazarlarının bum tsiklini bərpa etdiyi təqdirdə bu hal daha da sürətlənə bilər. Lakin hələlik yaxın gələcəkdə dünya iqtisadiyyatının və maliyyə bazarlarının bu səviyyəyə çatması haqqında nikbin proqnozlar yox səviyyəsindədir. Məhz, haqqında danışdığımız alternativ maliyyə məhsullarının olmaması hal-hazırda da risklərin və likvidliyin idarəedilməsi sahəsində İslam Maliyyə İnstitutlarının fəaliyyətində problemlər yaradır. Çünki maliyyə derivativlərindən istifadə etmək eləcə də dövlət qiymətli kağızlarında sərbəst nağd vəsaitləri saxlamaq İslam Maliyyə Sistemində qadağan edilir. Likvidliyin təmin olunması məqsədi ilə dövlət qiymətli kağızlarına alternativ İslam Sukuklarının təqdim edilməsi istiqamətində müəyyən işlər görülüb və hələ də davam edir.

Lakin istənilən halda İslam dini tranzaksiyaların aktiv bazisli (asset based) olmasını tələb etdiyi üçün bu məqsədlə təqdim olunan sukuklar ənənəvi maliyyə sistemində olan dövlət qiymətli kağızları vasitəsilə həyata keçirilən əməliyyatlar qədər çevik deyil. Bütün bu faktorlar Beynəlxalq Valyuta Fondunun İslam Banklarına dair apardığı tədqiqatların nəticələrində də müşahidə olunur. Bu nəticələrə görə xırda kiçik İslam bankları böyük İslam banklarına nisbətdə daha səmərəlidir. Lakin daha böyük miqyasda əməliyyatlar zamanı İslam bankları daha az səmərəlidir. Bunun da səbəbi kiçik bankların böyük banklara nisbətdə daha çox komisyon gəlirləri və minimal riskli investisiyalara üstünlük verməsi ilə izah olunur. Böyük miqyasda əməliyyatlar zamanı isə banklar yuxarıda qeyd etdiyimiz kimi risklərin və likvidliyin idarə edilməsi problemləri ilə üzləşir ki, bu da onların kiçik banklara nisbətdə daha səmərəsiz olması ilə nəticələnir.

İslam Banklarını depozitlər üçün sığorta sisteminin demək olar ki, olmamasına görə də tənqid edirlər. Bu sahədə Malayziya, Türkiyə və İordaniya müəyyən işlər görüblər .Malayziyada hətta investisiya depozitlərinin də sığortalanması fondunu yaradıblar. Amma zənnimcə yalnız cari hesabların (tələb depozitlərinin) sığortalanması şəriətə daha müvafiq olardı. Çünki bu depozitlər borcu təmsil edir ki, İslam dini də borcun mütləq qaytarılmasını əmr edir. İnvestisiya depozitlərinin isə riskə məruz qalmasına və hətta investisiyanın tamamilə itirilməsinə qarşı sığorta mexanizminin yaradılmasını məqbul hesab etmirəm. İnvestisiya hesabları üzrə sığorta mexanizminin yaranmasına sərf edilən səylərin və resursların Bankın fəaliyyətinin genişlənməsinə yönəldilməsi daha məqsədə uyğun olardı. Bu məhz İordaniyada da belədir. Burada tələb depozitləri sığortalanır lakin investisiya hesablarının sahibləri (investment account holders) bankın iflası halında təminatlı kreditorlar kimi deyil səhmdarlar kimi çıxış edirlər.

Nəticə

Yekun olaraq qeyd etmək istərdim ki, İslam Maliyyə Sisteminin qarşısında duran baryerləri aşmaq üçün yollar axtarılmalı və mümkün olan hər bir tədbir görülməlidir. Lakin bu yollar qeyri müsəlmanları cəlb etməyin xətrinə, nəyin bahasına olursa olsun, mütləq ənənəvi maliyyə sistemində mövcud olan maliyyə alətlərinin hər birinə İslami alternativ yaratmaq üçün, bir neçə alimin fitvasına əsasən yalnız statusda İslamlaşdırılmış maliyyə alətlərinin təklif edilməsi kimi şəriətə zidd  olmalı deyil. Bu hal birinci növbədə müsəlmanların axirəti üçün, həm də şəriətə müvafiqliyi ixtilaflı olan maliyyə alətlərindən istifadədən imtina edən müsəlmanları itirməklə İslam Maliyyə Sistemi üçün pis nəticələr verə bilər.

Son xəbərlər
Digər xəbərlər