6 C
Baku
Sunday, December 15, 2024

İslandiya şirkəti Azərbaycanın maliyyə bazarına buraxılmır

Vergilər Nazirliyi İslandiyanın “Creditinfo” şirkətinin iştirakı ilə yaradılmalı olan Azərbaycanın ilk kredit bürosunu dövlət qeydiyyatına almaqdan imtina edib.

Bu barədə maliyyə bazarındakı mənbə bildirib.

Xatırladaq ki, “Creditinfo-Azerbaijan” MMC-nin 4,6 mln. manat (təxminən 2,3 mln. avro) məbləğində nizamnamə kapitalı ilə fəaliyyətə başlaması nəzərdə tutulurdu. Bu məbləğin 51%-ni İslandiya tərəfi, 49%-ni isə Azərbaycanın 19 bankı, “TBC Kredit” MMC bank olmayan kredit təşkilatı və “PAŞA Sığorta” ASC təmin etməli idi.

Mənbənin məlumatına görə, Nazirlik qeydiyyatdan imtinaya rəsmi səbəb kimi təsis sənədlərində olan çatışmazlıqları göstərib. Qeydiyyat məsələsi ləngidiyi üçün yerli təsisçilərdən 8 bank – Azərbaycan Beynəlxalq Bankı, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “Paşa Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank (Azerbaijan)” ASC-lər özləri ayrıca kredit bürosu yaratmağa qərar verib. Təşəbbüs qrupunun dekabrın 20-də keçirilmiş iclasında “Azərbaycan Kredit Bürosu” MMC-nin yaradılması qərara alınıb.

Bununla belə, “Creditinfo”nun Azərbaycanın maliyyə bazarına buraxılmaması ilə bağlı qeyri-rəsmi səbəblər də göstərilir. Bunlardan biri odur ki, Maliyyə Bazarlarına Nəzarət Palatası İslandiya şirkətinin büronun nizamnamə kapitalında 51%-lik paya malik olmasını istəməyib. Yəni, xarici təsisçinin büroda əsas söz sahibi olmasına ilkin mərhələdə razılıq verilsə də, sonradan fikir dəyişib. Baxmayaraq ki, yerli təsisçilər “Creditinfo”nun bu sahədə zəngin təcrübəyə malik olduğunu nəzərə alaraq, onun əsas səhmdar olmasında maraqlı idilər. Digər səbəb kimi isə, İslandiya şirkətinin gələcəkdə ölkədən hansısa məlumatları xaricə ötürməsi ehtimalı göstərilir. Yəni, informasiya təhlükəsizliyi nəzərə alınaraq “Creditinfo-Azerbaijan” layihəsinin hələ ki, dondurulmasına qərar verilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər