Bu gün AZAL prezidenti Cahangir Əsgərovun və İsrailin turizm naziri Yoel Razvozovun görüşü keçirilib.
AZAL-dan bildirilib ki, AZAL prezidenti və İsrailin turizm naziri yüksək tələbatla əlaqədar iki ölkə arasında birbaşa reyslərin sayının artırılması imkanları barədə fikir mübadiləsi aparıblar.
“COVİD-19-la bağlı bir sıra məhdudiyyətlərin yumşaldılmasından sonra İsrail Azərbaycan aviaşirkətinin müntəzəm uçuşları bərpa etdiyi ilk istiqamətlərdən biri olub. Hazırda AZAL aviaşirkəti Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə həftədə iki dəfə uçuşlar yerinə yetirir”, – deyə Cahangir Əsgərov bildirib.
Görüşün yekunları üzrə AZAL-ın yay uçuş cədvəli çərçivəsində Təl-Əvivə reyslərin sayını həftədə 5 dəfəyə qədər artıracağı barədə qərar qəbul edilib.
Cahangir Əsgərovun sözlərinə görə, İsrailin “İsrair Airlines” və “Arkia” aviaşirkətlərinə də Bakıya müntəzəm reyslərin yerinə yetirilməsi üçün icazə verilib.