İsrailin müdafiə naziri Yoav Qalant HAMAS-ın hücumunun qarşısının alına bilmədiyi üçün özünü günahlandırıb.
Nazir bunu jurnalistlərin suallarını cavablandırarkən deyib.
Nazirin sözlərinə görə, o, son iki həftə ərzində, həmçinin, hazırkı çətin vəziyyətdə İsrailin qələbə əldə etməsi üçün cavabdehdir və məsuliyyət daşıyır.
Qalant bildirib ki, İsrail ordusu HAMAS-a qarşı bütün tapşırıqlarını yerinə yetirəcək.
Qeyd edək ki, Qalantdan əvvəl İsrail Baş Təhlükəsizlik Xidmətinin (Şabak və ya Şin Bet) rəhbəri Ronen Bar Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinə səbəb olan nöqsanlara görə məsuliyyəti öz üzərinə götürüb.
Bundan əlavə, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, ordu komandanlığının yüksək rütbəli nümayəndələri və ölkənin Milli Təhlükəsizlik Şurasının rəhbəri də analoji etiraflarla çıxış ediblər.
Xatırladaq ki, 7 oktyabrda səhər saatlarından etibarən Qəzza zolağından İsrailin cənub və mərkəzi bölgələrinə raket zərbələri endirilib. HAMAS yaraqlıları yük maşınları və paraplanlarla Qəzza zolağından İsrail ərazisinə daxil olublar.
Buna cavab olaraq İsrail ordusu “Dəmir Qılınclar” hərbi əməliyyatına başladığını elan edib və bunun ardınca ölkə rəhbərliyi müharibə vəziyyətini rəsmən bəyan edib.