İsrail Baş naziri Benyamin Netanyahu Səudiyyə Ərəbistanı ilə sülh razılaşması əldə etməyi planlaşdırır.
Netanyahu bu barədə “Bloomberg“ə müsahibəsində deyib.
İsrail hökumət başçısı Ər-Riyadla iqtisadi əlaqələri inkişaf etdirmək niyyətində olduğunu açıqlayıb:
“Siyasi iradə olan zaman İsraillə Səudiyyə Ərəbistanı arasında münasibətləri normallaşdırmaq və sülhə nail olmaq üçün yol tapılacaq”, – İsrailin Baş naziri əlavə edib.
Netanyahunun fikrincə, hətta ölkələr arasında rəsmi sülh müqaviləsi olmasa belə, iqtisadi əməkdaşlığı inkişaf etdirmək olar və tərəflər Ərəbistan yarımadası vasitəsilə Asiyadan Avropaya keçən “iqtisadi dəhliz” yarada bilərlər:
“Söhbət enerji, nəqliyyat və kommunikasiya dəhlizlərindən gedir. Biz bunu reallaşdıracağıq və mənə elə gəlir ki, biz rəsmi sülh müqaviləsinin olub-olmamasından asılı olmayaraq bunu edə bilərik”.
Xatırladaq ki, 2020-ci ilin sentyabr ayında İsrail tərəfi ABŞ-ın vasitəçiliyi ilə Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynlə münasibətlərin normallaşdırılmasına dair Vaşinqtonda sənədlər imzalayıb.
Netanyahunun başçılıq etdiyi yeni hökumət 2022-ci ilin 29 dekabrında fəaliyyətə başlayıb və ilk iclas zamanı Baş nazir qeyd edib ki, hökumətin əsas vəzifələrindən biri İsraillə daha çox ərəb dövlətləri arasında sülhün tez bir zamanda təmin edilməsi olacaq.