Daha əvvəl baş nazir Benyamin Netanyahunun açıqladığı kimi, İsraildə COVID-19-a yoluxmaların artması ilə bağlı bu gündən üç həftə müddətinə ölkədə karantin rejimi tətbiq olunur.
Yəhudi Yeni ilinin (Roş Haşanah) qeyd olunduğu və Müqəddəs Tətilin başladığı bu gündən etibarən ali və orta məktəblər, habelə mehmanxanalar, ticarət və iaşə müəssisələri bağlanır.
Bununla yanaşı, hər kəs evdən bir kilometr məsafə içərisində yerləşən istirahət yerlərinə, daha artıq məsafəyə isə yalnız işə, ərzaq və dərman almağa, ağır vəziyyətə düşənlərə kömək üçün uzaqlaşa bilər.
Qonaq getmək, dəniz qırağına getmək, qapalı məkanlarda 10 nəfərdən, açıq havada 20 nəfərdən artıq toplaşmaq qadağandır. İctimai nəqliyyatın fəaliyyətinə də ixtisar gətirilir.
Bu məhdudiyyətlərin bayram günlərində əhalinin izdiham halında cəmləşərək COVID-19 virusunun daha da yayılmasına rəvac verməsinin qarşısını almaq məqsədilə tətbiq edildiyi bildirilir. Belə ki, son vaxtlar 9 milyon əhalisi olan İsrail adambaşına gündəlik yoluxma hallarının sayına görə liderlər sırasına yüksəlib.