24 C
Baku
Monday, October 13, 2025

İsrail və HƏMAS arasında əsirlərin mübadiləsi prosesi başlayıb

Fələstin qruplaşması HƏMAS ilk yeddi girovu azad edib. Onlar Qəzzada Qırmızı Xaç Komitəsinə təhvil verilib, “The Jerusalem Post” yazır.

“Beynəlxalq Qırmızı Xaç Komitəsi İsrail və HƏMAS arasında atəşkəs sazişi çərçivəsində girovların və saxlanılan şəxslərin azad edilməsinə yardım məqsədilə çoxmərhələli əməliyyata başlayıb”, – mesajda deyilir.

Yaxın saatlarda İsrail və HƏMAS Qəzza sektorunda saxlanılan 20 israilli əsiri təxminən 2000 fələstinli məhbusla dəyişməyi planlaşdırır. Bundan əlavə, tərəflər əsirlikdə həlak olduğu güman edilən 28 israilli əsirin cəsədlərinin qaytarılması barədə də razılığa gəliblər.

“Al Jazeera”nın məlumatına görə, azadlığa buraxılmağa hazırlaşan fələstinlilər arasında Qəzzadan çıxarılan 1700 nəfər var. Daha 250 nəfər isə əsasən israillilərə qarşı hücumlarda və ya zorakılıq hadisələrində iştirak etdiyinə görə ömürlük və ya uzunmüddətli həbs cəzası çəkənlərdir.

Diplomatik fəallığın fonunda minlərlə fələstinli dağıdılmış Qəzza bölgələrinə qayıtmaqda davam edir. Humanitar təşkilatlar atəşkəs rejimindən istifadə edərək yardımı artırır, anklava ərzaq və yanacaq tədarükləri artıq başlanıb. Qəzza rəsmiləri bildirirlər ki, atəşkəs başlayandan bəri şimala yüz minlərlə insan geri dönüb.

Son xəbərlər
Digər xəbərlər