İsrailin ABŞ-dakı səfirliyi bağlanıb.
Bu barədə İsrailin ABŞ-dakı diplomartik missiyasından bildirilib.
Qeyd olunub ki, səfirlik əməkdaşları həmkarlar ittifaqının bütün dövlət qulluqçularının məhkəmə islahatlarına etiraz etmək üçün meydana çıxmaq barədə çağırışına qoşulublar.
Məlumata görə, İsrailin ən böyük həmkarlar ittifaqı Histadrut bütün dövlət qulluqçularına, o cümlədən diplomatik nümayəndəliklərə tətil elan etməyi tapşırıb. Bu çağırış İsrailin xaricdəki bütün diplomatik nümayəndəliklərinə də aiddir.
Ölkənin Vaşinqtondakı səfirliyi növbəti qərara qədər bağlı qalacaq, həmçinin konsulluq xidməti göstərilməyəcək.
Xatırladaq ki, martın 26-da İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müdafiə naziri Yoav Qalantı istefaya göndərib. Bu qərarın elan olunmasından sonra İsraildə kortəbii etirazlar başlayıb.
Y.Qalant işdən çıxarılmamışdan bir gün öncə hakim koalisiyanın irəli sürdüyü və müxalifətin kütləvi etirazına səbəb olan məhkəmə islahatlarının dayandırılmasının tərəfdarı olduğunu açıq şəkildə bəyan edib. Bundan sonra B.Netanyahu müdafiə nazirini istefaya göndərib.
Hökumətin əleyhdarlarının fikrincə, Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılması və hakimlərin seçiminə icra hakimiyyətinə nəzarətin verilməsini nəzərdə tutan islahat İsrail dövlətçiliyinin demokratik əsaslarını sarsıdacaq. B.Netanyahu israr edirdi ki, bu islahat hakimiyyətin bütün qollarının səlahiyyətlərini balanslaşdıracaq və ölkənin siyasi sistemini daha demokratik edəcək.
Martın 27-də B.Netanyahu məhkəmə islahatlarının dayandırılacağını açıqlayıb. Baş nazir bunu Nazirlər Kabinetinə daxil olan partiyaların parlament fraksiyalarının rəhbərləri ilə görüşdən sonra bildirib.
B.Netanyahunun rəsmi açıqlaması Bakı vaxtı ilə saat 11:00-a planlaşdırılsa da, hələ də baş tutumayıb.
Son məlumata görə, nümayişçilər İsrail parlamentinin binasına daxil olublar.