İsrailin İranın nüvə obyektlərinə zərbə endirməyə hazırlaşdığı barədə xəbərlər fonunda Yaxın Şərqdəki əsas istehsal bölgəsində təchizatın pozulacağı qorxularının artması fonunda neft qiymətləri 1%-dən çox bahalaşıb.
Banker.az xəbər verir ki, Brentin iyul fyuçersləri Bakı vaxtı ilə 07.30 bir barelə görə 97 sent və ya 1.5% artaraq 66.35 dollara çatdı. WTI iyul fyuçersləri 96 sent və ya 1.6% bahalaşaraq 62.99 dollar olub. Qeyd edək ki, WTI neftinin iyun kontraktı dünən 62.56 dollarda başa çatdı.
CNN çərşənbə axşamı ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, ABŞ-ın əldə etdiyi yeni kəşfiyyat məlumatları İsrailin İranın nüvə obyektlərinə zərbə endirməyə hazırlaşdığını göstərir. Məlumata görə, İsrail rəhbərliyinin son qərarı verib-vermədiyi hələlik bəlli deyil.
“Belə bir eskalasiya təkcə İranın deyil, həm də regionun böyük bir hissəsinin təchizatını risk altına qoya bilər,” –deyə, ING-nin əmtəə strateqləri bildirib.
İran OPEC üzvləri arasında üçüncü ən böyük istehsalçıdır və İsrailin mümkün hücumu ölkədən ixrac axınlarını poza bilər.
Bundan əlavə, narahatlıqlar ondan ibarətdir ki, İran cavab tədbiri olaraq Fars körfəzində yerləşən Hörmüz boğazı vasitəsilə neft tanker axınlarını bağlaya bilər. Bu boğazdan Səudiyyə Ərəbistanı, Küveyt, İraq və Birləşmiş Ərəb Əmirlikləri xam neft və yanacaq ixrac edirlər.
ABŞ və İran bu il ərzində İranın nüvə proqramı ilə bağlı bir neçə danışıqlar aparıblar. ABŞ prezidenti Donald Tramp İranı nüvə ambisiyalarından əl çəkməyə məcbur etmək üçün İranın xam neft ixracına qarşı sərt sanksiyalar kampaniyasını bərpa edib.
Bütün bu müzakirələrə baxmayaraq, dünən həm ABŞ rəsmiləri, həm də İranın Ali Lideri Əli Xamenei verdikləri açıqlamalarda tərəflərin razılaşmadan hələ uzaq olduğunu göstəriblər.
“ABŞ ilə İran arasında dolayı nüvə danışıqları aparılır və bu danışıqlar uğurlu olarsa, bazara əlavə müsbət təsir göstərə bilər. Lakin bu danışıqların artıq tükənmək üzrə olduğu görünür,” – deyə, “ING” bankının analitikləri bildiriblər.
Bununla yanaşı, xam neft təchizatında müəyyən yaxşılaşma əlamətləri də var. Bazar mənbələrinin Amerikanın Neft İnstitutunun (API) çərşənbə axşamı yaydığı rəqəmlərə istinadən bildirdiyinə görə, ötən həftə ABŞ-da xam neft ehtiyatları artıb, lakin benzin və distilasiya ehtiyatları azalıb.
Dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-da mayıın 16-da başa çatan həftədə xam neft ehtiyatları 2.5 milyon barel artıb, mənbələr anonimlik şərti ilə məlumat verib.
İnvestorlar çərşənbə günü ABŞ Enerji İnformasiya İdarəsi tərəfindən açıqlanacaq neft ehtiyatları barədə rəsmi hökumət məlumatlarını səbirsizliklə gözləyirlər.
Bundan əlavə, Reutersin əldə etdiyi məlumata əsasən, Qazaxıstanda may ayında neft hasilatı 2% artıb. Bu artım OPEC+ tərəfindən ölkəyə tətbiq edilən hasilatın azaldılması təzyiqlərinə baxmayaraq baş verib.