10 C
Baku
Thursday, December 12, 2024

Israilin maliyyə naziri niyə yolunu Bakıya saldı? – TƏHLİL

İsrailin maliyyə naziri Aviqdor Liberman Azərbaycana səfərə gəlib, onun bu səfəri Cənubi Qafqazda yaranan postmünaqişə reallığında və Rusiya-Ukrayna müharibəsi kontekstində diqqət çəkir.

Cənubi Qafqaza dair: Azərbaycan-İsrail əməkdaşlığı strateji müttəfiqlik səviyyəsinə qədəm qoyur.

Ukraynadakı müharibəyə dair: İsrail Azərbaycan hesabına özünün iqtisadi potensialını gücləndirmək istəyir.

Liberman Azərbaycan-İsrail əlaqələrinin dinamikasının artmasında bəlli bir statusa malikdir: Onun şəxsi və əvvəl tutduğu vəzifələr İsrailin öz proyeksiyasını Azərbaycan üzərinə salmasında xüsusi rol oynayıb.

Əvvəllər xarici işlər naziri və müdafiə naziri kimi postları tutan cənab Liberman bu dəfə maliyyə naziri kimi Bakıya təşrif buyurur və onun qarşısına Azərbaycanla əməkdaşlığı iqtisadi sferada gücləndirmək missiyası qoyulur.

Libermanın Bakıya yol almamışdan öncə İsrail mətbuatında yayılan məlumatlara əsasən, İsrail Azərbaycandan buğda, neft və karbamidin tədarükü üçün müqavilələr imzalamağı iqtisadi gündəliyinə salıb.

İsrail dövləti Rusiya-Ukrayna müharibəsinin iqtisadi sahəyə vurduğu ziyanların öz ölkəsinə təsirini dərindən analiz edir. Rusiya və Ukraynadan buğda tədarükünün dayanmasından sonra İsrail Libermanı başqa ölkələrdəki şəxsi əlaqələrindən istifadə edərək yeni iqtisadi müqavilələr imzalamaq üçün sahənin içərisinə salır.

Azərbaycan neft-qaz kəməri sisteminin Türkiyə və Avropaya şaxələnməsi İsrail üçün də əlverişli alternativ formalaşdırır və Liberman enerji resurslarının idxalını artırmaq üçün saatlarını Bakı əqrəbləri ilə tutuşdurur. Yəqin ki, indi müzakirələr masasında həmin nəqlin marşrutu üzrə dəqiqləşdirmələr aparılır.

Karbamid də hazırda İsrail üçün vacib məhsuldur, bu zamana qədər İsrail həmin malı Rusiya və Ukraynadan idxal edirdi. İndi isə İsrail Azərbaycan bazarlarına çıxış əldə edərək öz ölkəsində tükənmək üzrə olan karbamid ehtiyatını çoxaltmağı hədəfləyir.

İsraildə Maliyyə Nazirliyi iqtisadi sahə üzrə ən həlledici və üstün statusa malik qurum olduğundan o, ümumi iqtisadi siyasəti planlaşdırır və həyata keçirir. Nazirlik İsrailin fiskal siyasəti üçün hədəflərin planlaşdırılması və müəyyən edilməsinə cavabdehdir.

Bu mənada Libermanın yolunu Bakıya salması yuxarıda sadalanan istiqamətlər üzrə idxalı artırmaq və bunun maliyyə yükünü hesablamaqdan ibarətdir. Yəqin ki, indi Azərbaycandan idxal olunacaq malların qiyməti də müzakirə olunur.

Böyük ehtimalla həmin müqavilələr imzalanacaq və bununla İsrailin Azərbaycana xoşməramlı qarşılıq verəcəyi də istisna deyil.

Azərbaycan hazırda özünün ordu göstəricilərini daha yüksəklərə qaldırmaq üçün ən müasir silahların alınmasını hərbi-siyasi hədəfləri sırasında saxlayır. Bu mənada mümkündür ki, Azərbaycan-İsrail hərbi-texniki əməkdaşlığına format veriləcək və yeni məzmun qazanacaq.

Mənbəoxu.az
Son xəbərlər
Digər xəbərlər