İsrailin “Israir” hava yolları şirkəti iyunun 30-dək Təl-Əvivdən və Təl-Əvivə bütün uçuşları ləğv etdiyini elan edib. Səbəb – ölkənin hava məkanının növbəti bildirişə qədər bağlı qalmasıdır.
Bu barədə İsrail KİV-ləri yazır.
Aviaşirkət xarici ölkələrdə əlacsız vəziyyətdə qalmış və vətənə dönə bilməyən israillilərin ölkəyə gətirilməsi üçün hazırlıqlara başladığını açıqlayıb.
“Israir”in baş direktoru Uri Sirkis qeyd edib ki, xaricdə yaşayan İsrail vətəndaşlarının geri qaytarılması əməliyyatı həftənin sonuna doğru və ya gələn həftənin əvvəlinə qədər başlaya bilər.
“Biz hələ də düşməni, onun davranış modellərini və təhdidlərin təkrarlanan xarakterini araşdırırıq”, -deyə o bildirib.
Sirkisin sözlərinə görə, uçuşlar yalnız ölkəyə dönmək istəyən israillilər üçün təşkil olunacaq və bu mərhələdə ölkədən çıxışa icazə verilməyəcək – istər israillilər, istərsə də digər sərnişinlər üçün.